Yeni nəsil paraşütlər – ARAŞDIRMA.
ABŞ Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı (US SOCOM) 25 min fut (7620 metr) hündürlükdən tullanmağa imkan verən yeni paraşütün yaradılmasına dair təkliflər sorğusunu elan edib. Yeni paraşüt USSOCOM-un istifadəsinə daxil olmuş “Airborne Systems” şirkətinin RA-1 (Ram Air Tactical Parachute Systems) paraşüt sistemini əvəz etməlidir.
ABŞ Ordusu tələblərinə əsasən, yeni paraşüt sistemi 35 min funta (10,7 km) qədər hündürlükdən tullanmağa imkan verməli, ən azı 159 kiloqrama qədər yükü aparmağa imkan verməlidir.
Qeyd edək ki, paraplanla təchiz edilmiş RA-1 paraşüt sistemi planlaşdırmadan asılı olaraq 204 kiloqramadək yükü 50 kilometrədək apara bilir. Sistem oksigen maskasıyla da təchiz olunub.
US SOCOM Taktiki Hücum Paraşüt Sistemi Proqramın (SOFTAPS) çrçivəsində 10 ildən çoxdur həm də “Airborne Systems” şirkətinin MC-6 idarəolunan paraşütləri istifadə olunur. MC-6 üç alt sistemdən – SF-10A əsas örtük, T-11R ehtiyat örtük və T-11 qoşqudan ibarətdir.
SF-10A örtüyünün günbəzinin diametri 9,8 metr, uzunluğu 6,5 metrdir. Örtüyün sürətlə dönməsini təmin edən unikal idarəetmə sistemi var. Bu örtük və yumuşaq enmə dərəcəsi heyətin hər cür əraziyə təhlükəsiz enməsinə imkan verir.
Paraşütün qübbəsi zəif hava keçirmə qabiliyyətinə malik PIA -C-44378 T4 neylon materialdan hazırlanıb. Paraşütçü 360°-ni 5 saniyəyə dönə bilir. Maksimum yükgötürmə qabiliyyəti 181 kq təşkil edən MC-6 paraşütü minimum 500 ft (152 metr) hündürlükdən tullanmağa imkan verir.
Yeni paraşütlərin yaradılması istiqamətində işlər aparan Rusiyanın “İvanovski” paraşüt zavodu 2016-cı ildə “Dalnolet” paraşüt sisteminin yaradılmasını elan edib. Bu sistemin təchiz edildiyi oksigen balonu və konteynerlə birlikdə çəkisi 50 kq təşkil edir. İstehsalçının məlumatına görə, “Dalnolet” 12 km hündürlüyə qədər hündürlükdən desantlaşmaya imkan verir.
Rusiyanın Hava-Desant Qoşunları tərəfindən 2012-ci ilin yanvar ayında sınaqlar keçirilmiş D-12 “Listik” paraşüt sistemi xüsusi təyinatlı qüvvələrin təlim və döyüş tullanmaları üçün nəzərdə tutulur. D-12 paraşütləri 2025-ci ilədək Hava-Desant Qoşunlarının silahlanmasındakı D-6 və D-10 paraşütlərini əvəz edəcək.
“Listik” özündən əvvəlki paraşütlərdən həm yaxşılaşdırılmış texniki-taktiki imkanlarına, həm də yığılmasına görə fərqlənir. Paraşüt sisteminin tərkibinə bir çantaya yığılan əsas və ehtiyat paraşütlər, həmçinin desantın silah və təchizatının yığıldığı ayırılan yük konteyneri daxildir. “Listik”in yüngül və möhkəm materiallardan hazırlanması desantın daha çox faydalı yük götürməsinə icazə verir.
Rusiyanın “Şelest” eksperimental dizayn bürosu tərəfindən 2018-ci ildə Hava-Desant Qüvvələri üçün D-14 indeksi verilmiş yeni idarə olunan paraşütün yaradılmasına başladığını açıqlayıb. Hava-Desant Qüvvələrinin komandan müavini general-mayor Vladimir Koçetkovun sözlərinə görə, “Ratnik” döyüşçü dəsti üçün nəzərdə tutulan D-14 paraşütü tullanmalarının təhlükəsizliyini yüksəldəcək, asma sistemi daha rahat olacaq və dinamik yüklənmələri bərabər bölüşdürməyə imkan verəcək.
General həmçinin bildirib ki, xüsusi təyinatlı qüvvələr üçün paraşüt sistemləri yaradılır. Yeni paraşütlər 1200 metrdən 8000 metrədək hündürlükdə, 350 km/saata qədər sürətlə hərəkət edən təyyarələrdən tullanmaq üçün nəzərdə tutulur. Bu paraşütlərin uçuş çəkisi 190 kq-a, hündürlükdən asılı olaraq uçuş uzaqlığı 8-30 km təşkil edə bilər. Paraşütün asma sistemində 50 kiloqramlıq yük konteynerinin bərkidilməsi nəzərdə tutulur.
Paraşüt günbəzin minimal sahəsinə malikdir – 87 kvadrat metr. Bu da hiss olunmanı minimallaşdırır və döyüşçülərin təhlükəsizliyini yüksəldir.
Paraşüt İstehsalı Elmi-Tədqiqat İnstitutunun baş konstruktoru Vladimir Kaçalovun sözlərinə görə, Rusiya hərbçiləri tezliklə “gələcəyin əsgəri” təchizatına daxil olan D-14 paraşütünə keçəcəklər.
Kaçalovun sözlərinə görə, D-14 fərqli konstruksiyaya malikdir. Əsas və ehtiyat paraşütlər qolun altında, yük konteyneri isə ön hissədə yerləşir. Konteynerdən suya enmə vaxtı sal kimi istifadə etmək olar. Bu konstruksiyanın sayəsində, desant havada olduğu halda belə döyüşə daxil ola bilər.
Ruslan Səfərov