“Azərbaycan dilində ləqəblər (Şamaxı rayonunun materialları əsasında)”




ƏZİZƏ MİKAYILOVANIN O KİTABINI SİZ DƏ OXUYUN...
Əslən Şamaxı rayonunun Göylər kəndindən olan mərhum professor Əzizə Mikayılovanın (1962-2020) AMEA-nın müxbir üzvü, professor Afad Qurbanovun rəhbərliyi altında 2001-ci ildə müdafiə etdiyi “Azərbaycan dilində ləqəblər (Şamaxı rayonunun materialları əsasında)” sərlövhəli namizədlik dissertasiyası çox maraqlı mövzuya həsr olunub. 
Kitab halında çap olunan bu dissertasiya təkcə elmi-filoloji dairələrin yox, kütləvi oxucuların, o cümlədən bölgə sakinlərinin də maraqla mütaliə edə biləcəyi bir nəşrdir. 
Adlar və ləqəblər - adamlar, onların özü və xarakteri qədər maraqlıdır. Onda da həmin adlar öz ləqəbi, öz ayamasıyla tanış gəlirsə...   
Mərhum professor Əzizə Mikayılovanın qısa tərcümeyi-halını və haqqında danışdığımız kitabın cildinin fotosunu təqdim edirik:
Əzizə Mikayılova 1962-ci ildə Əməkdar müəllim Nurqələm Mikayıl oğlu Mikayılovun ailəsində anadan olmuşdu, əslən Şamaxı rayonunun Göylər kəndindəndi. 
1979-cu ildə Bakının Yasamal rayonundakı 13 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuş, oranı 1984-cü ildə fərqlənmə diplomu ilə başa vurmuşdu. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda çalışmışdı.
1988-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dili ixtisası üzrə aspiranturaya daxil olmuş, 2001-ci ildə AMEA-nın müxbir üzvü, professor Afad Qurbanovun rəhbərliyi altında “Azərbaycan dilində ləqəblər (Şamaxı rayonunun materialları əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdı.
2009-cu ildə “XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi dilinin bədii üslubunun onomastikası” mövzusunda (Azərbaycan dili ixtisası üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsinə yiyələnmişdi. 
Professor Əzizə Mikayılova 2001-ci ildən etibarən Azərbaycan Texniki Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində işləmişdi. 
2013-cü ildən həyatının sonuna kimi həmin kafedranın professoru idi.
O, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da gənc nəsilə filologiya elminin dərinliklərini tədris edirdi.
Professor Mikayılova üç monoqrafiyanın, beş dərslik və dərs vəsaitinin, proqramların, həmçinin çoxsaylı elmi məqalələrin müəllifidir. 2013-cü ildə Avropa Nəşr Mətbu evinin Qızıl medalı (ən yaxşı vətənpərvər tədqiqatçı alim) ilə mükafatlandırılmışdı.
    ŞAMAXI GÖYLƏR qrupunun “Bizim kitabxana” rubrikası.

Oxunub: 669
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az