Işğaldan azad olunmuş ərazilər erməni vandaliziminin şahididir.
Azərbaycan xalqı əsrlər boyu mənfur qonşulardan zərbələr alıb. Bu qiymətli torpaq, zəngin təbiət daim düşmənlərimizin gözünə ox kimi batıb, yağlı tikə olaraq uğrunda mübarizələr aparılıb. Son 200 illik zaman kəsiyində bu mübarizələr, müharibələr xalqımızın qan yaddaşında soyqırımlar, işğallar şəklində həkk olunub. Hər belə hadisələrdən əziyyət çəkən sadə xalq, xalqın günahsız nümayəndələri, igid oğulları, məsum körpələri olub.
Bu vəhşiliklərdən təkcə insanlar deyil, həmçinin ulu yurdumuzun hər kəndi, hər şəhəri, tarixi abidələri, müqəddəs ziyarətgahları, məzarlıqları da əziyyət çəkib. Son 30 ilin hadisələri zamanı dağıdılan şəhərlər, təhqir olunan məzarlıqlar, tarixi abidələr buna bariz nümunədir.
Dövlət başçımızın uzaqgörən siyasəti, dəmir yumruğu, igid oğullarımızın qəhrəmanlığı, xalqımızın birliyi sayəsində nəhayət 2020 ci ildə 44 günlük şanlı döyüşlər nəticəsində yurdumuz mənfur düşməndən azad olundu. Bu azadlıq 1 milyondan çox məcburi köçkünlərlə bərabər bütün xalqımızın gələcəyə inamını artırdı, vahid hakimiyyət ətrafında möhkəm birləşməyin hansı gözəl nəticələrə gətirməyinin şahidi olduq. Bu möhtəşəm qələbə özü ilə həm də böyük məsuliyyətlər, ardıcıl fəaliyyət planının labüdlüyünü qaçılmaz edib. Bunun da möhtərəm prezidentimiz, ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinin tərkib hissəsi olaraq həyata keçiriləcəyinə inanırıq.
İşğaldan azad olunan torpaqlarımızda erməni vandalizminin bariz nümunələri hər addımda açıq görünür. Bu onu sübut edir ki, erməni ələ keçirdiyi torpaqların ona aid olmadığını tam anlayıb. Ona görə də heç bir quruculuq işləri aparmayıb, əksinə, o gözəl yurdu viran edib, məscidləri dağıdıb, tarixi abidələrdə dəyişiklik edib, halbuki, təkcə Azıx mağarası ilə bütün dünyada ən qədim insanın bizim ulu babalarımız olması haqqında tutarlı sübutumuz var. Bu tarixi izləri yurdumuzdan almaq, ona kölgə salmaq heç bir millətin hünəri deyil. Ən azı ona görə ki, bu millətin qeyrətini çəkən layiqli oğulları, hünərli dövlət başçısı var!
Mən inanıram ki, mənfur qonşuların vurduğu zərbələr nə qədər dərin yaralar açsa da, möhtərəm prezidentimizin uzaqgörən siyasəti, xalqa bağlılığı, dünya ölkələrinin rəhbərləri arasında olan hörməti və xalqımızın torpağımıza məhəbbəti nəticəsində tezliklə gözəl Qarabağımız abadlaşacaq, hər birimiz o səfalı yurdumuza ürəklə qədəm basacağıq!
Bu yurd uğrunda şəhid olan 3000 şəhidimizə Allahdan rəhmət diləyir, canını fəda edən bütün qazilərimizə şəfa arzulayıram, bütün Azərbaycan oğulları var olsun!
Qobustan rayon Heydər Əliyev mərkəzinin
Direktoru Cahangir Ağaməmmədov
Oxunub: 463