Para TikTok-er. Cəmiyyətin yeni sakitləşdirici dərmanı.
Son dövrlər Azərbaycan cəmiyyəti böyük bir kəşf edib, məlum olub ki, bəzi adamların həyatdakı yeganə missiyası kütləni əsəbləşdirmədən məşğul saxlamaqdır. Həkimlər, psixoloqlar və hətta bəlkə də bəzi falçılar belə bu insanlara yeni bir ad vermişəm, Para TikTok-er.
Bunlar kimdir ?
Bunlar cəmiyyətin səssiz qəhrəmanlarıdır. Evdə oturub, telefonun qabağında özləri ilə məşğul olan, heç kimə ziyanı olmayan, ən böyük cinayəti isə layki çox istəmək olan insanlardır.
Bax, bunlar qoyulub. Hər evə bir dənə belə adam lazımdır. Niyə ? Çünki bu tip adam küçəyə çıxsa, ya kimsə ilə dalaşacaq, ya polis məntəqəsinin dekoru olacaq, ya da həyət uşaqlarının yeni kontenti. Ona görə də biz cəmiyyət olaraq deyirik;
- Ey Para TikTok-er, evində qal, kasanı qoy qabağına, spaqettiyi çevir, biz də sənə bir dənə like verək ki, ürəyin açılsın, ziyanımız olmasın.
Para TikTok-in üç əsas xüsusiyyətidir ki;
1. Telefonu həyat yoldaşı kimi sevməsi.
Elə baxırsan ki, adamın gözləri çəp olur, amma yenə də o videonu çəkir. Çünki vətən borcudur.
2. Kamera qarşısında tam rahatlıq.
Saçı elə bil fırtınada qalmış pambıq, amma özü Hollivud aktyoru kimi davranır. Bu özündənrazılıq deyil, bu… bu xalq xəzinəsidir.
3. Zərərsiz əyləncə nizamnaməsi.
-Söymək yoxdur.
-Lütlük yoxdur.
-Etik norma pozmaq yoxdur.
Yəni, “ev şəraitində mini-serial” standartı.
Bir də var küçə versiyası olanlar…
Onlar başqa qəbildəndir. O gombul, saçı vızlaşıb, küçədə özünü sövdürən qəhrəmanları heç bir kateqoriyaya salmaq olmur. Bunlar TikTok üçün yox, sanki polis protokolu üçün kontent çəkirlər.
Para TikTok-er-lə bunların fərqi odur ki, biri evdə oturub camaatı əyləndirir, digəri isə küçədə camaatı qorxudur. Birinə like düşür, o birinə isə bəlkə də protokol.
Para TikTok-er cəmiyyətə niyə lazımdır.
Çünki bu adamlar cəmiyyətin təhlükəsiz məşğuliyyət strategiyasıdır. Psixoloji baxımdan çox faydalıdırlar:
Aqressiyası olanlar videoda boşalır.
Tək qalanlar kamera ilə dost olur.
Cəmiyyət isə onlara like verib rahat nəfəs alır:
-Nə yaxşı ki, evdəsən, qardaş…
Hər like sanki bir manatlıq xeyriyyədir. Bir cür sosial sığorta.
Cəmiyyətin yeni qaydası belədir:
Kimsə evdə oturub yemək yeyə-yeyə video çəkirsə, dəstəklə, çünki zərərsizdir.
Kimsə küçədə özünü sövdürürsə, təhlükəsiz yerə yönləndir, çünki zərərlidir.
Və unutmayaq:
Para TikTok-er sadəcə kontent yaratmır.
O, milli təhlükəsizlik üçün evdən çıxmayan qeyri-rəsmi sosial müdafiə layihəsidir.Bu insanlara dəstək verək…
Çünki cəmiyyətin ən böyük problemi onların videoları deyil, onların küçəyə çıxmasıdır.
Alxas Məmmədov.