Alxasdan.......
Yuxunun körpüsü
Yuxu, insanın özündən asılı olmayan bir səfərdir.
Bəzən günün izləri, bəzən xatirələrin qırıntıları, bəzən də ürəyin dərin arzuları onunla yol yoldaşı olur.
Şirin də olur, ağır da olur. Amma yenə də yuxu gözəldir, çünki insanı həyata bağlayan gizli nəfəsdir. Yatmaq da bir aləmdir.
Kimisi rahat yatır, kimisi narahat.
Kimisi yorğunluqla gözünü yumur, kimisi ümidlərlə, arzularla.
Amma hər yuxunun da sonu xoş olmur.
Eləsi var ki, bir dəfə yatır, bir daha oyanmır.
Sanki yuxu bu həyatla o həyat arasında qurulmuş görünməz körpüdür. Yorğun bədənlər yuxuda dinclik axtarır.
Qəlbi sıxılanlar qorxa-qorxa yatır.
Əməllərinin yükünü duyanlar isə narahatlıqla başını yastığa qoyur.
Çünki yuxu insanı gizlincə imtahana çəkir, kimin günahı ağırdır, kimin xəyalları saf. Çoxdandır anamı yuxuda görmürəm. Diyəsən oda məndən uzaqlaşıb.
Deyirlər ki, filənmkəs pəhləvan yuxusunda yatır.
Bəxti açıq insan rahat yuxu görür, ürəyi sakit olur.
Amma yuxusu daima qarışıq olanların qəlbi daim nigarandır.
Yuxu insan orqanizmi üçün əvəzsizdir.
O həm dincəlikdir, həm də gizli bir sığınacaq. Bəzən tez yatırlar ki, yuxuda nəsə bir şirin şey görsünlər
İnsan yaşadıqca yuxular da onunla birgə dəyişir, bəzən azalır, bəzən də əl çəkir. Arzular, yuxuda yaşayır.
Amma hər halda, yuxuda istəklərini yaşamağ ən gözəl tərəflərindən biridir.
- Nənələrimizin işıqlı dünyası və qırmızı palazçırpan..
Hər bir insanın yaddaşında uşaqlıq illərinə, ailəsinə, xüsusən də nənəsinə aid silinməz izlər olur. Nənələr sadəcə ailənin böyükləri deyil, həm də təcrübənin, tərbiyənin, mərhəmətin, bəzən isə sərt qaydaların təcəssümüdür. Yəni dediyim o palazçırpan yada şəpiy idi. Zalım qızı heləbil dron sürürsü. Mənim nənəm də həyatımda böyük rol oynamışdır.
O, mənim üçün həm təhsil mənbəyi, həm gözəllik və estetik anlayışların daşıyıcısı, həm də etik qaydaların öyrədicisiydi. Hər addımımı izləyər, səhv etdikdə məni xəbərdar edib, 45 razmerlik qaloşun mənə tərəf atardı. Onun tez-tez işlətdiyi sözlərdən biri ədəbli ol, ifadəsi idi. Bu sadə cümlənin arxasında dərin bir həyat fəlsəfəsi gizlənirdi. Yada ki, nar çubuğu. Çox vaxt bu fəlsəfəyə mənim döyülüb, ağlamağım rəng qatırdı. Nənəm bəzən sərt görünsə də, əslində hər davranışı məni həyata hazırlamaq üçün idi. O, səhərlər və axşamlar məni oyadaraq intizamlı olmağı öyrədirdi. Mənim hərəkətlərimə diqqətlə yanaşır, hətta ən kiçik səhvlərimi belə düzəltməyə çalışırdı. Bəzən bu davranışları uşaq ağlımla sərtlik kimi qəbul etsəm də, bu gün onların qiymətini daha yaxşı anlayıram.
Eyni zamanda, nənəm həyat haqqında mənə dərin dünyagörüşü verirdi. Ora çıxma, orada qalmalı olarsan, kimi sadə görünsə də, böyük mənalar daşıyan məsləhətlərini heç vaxt unutmuram. O, məni qorumaqla yanaşı, həyatın çətinliklərinə də hazır olmağı öyrədirdi. İki şilədən sonra, kimi desən aşırdardım.
Bu gün nənəmi xatırlayanda həm sevgi, həm də həsrət hissi keçirirəm. Qulağlarım yaman qızarır. Rəhmətlik ordan tutanda heləbil məngənəyə düşürəm. Yaxşı ki, şəlpəqulağ olmadım. O, artıq həyatda deyil. Allah ona rəhmət eləsin. Onun öyüdləri, tərbiyəsi və sevgisi isə daim qəlbimdə yaşayır.
Nənələrimiz böyük insanlar, keçmişin mirası, ailənin sütunudur. Onların qoyub getdiyi dəyərlər gələcək nəsillərin ən qiymətli xəzinəsidir. Mənim üçün nənəm sadəcə ailə böyüyü deyil, həm də mənəvi müəllimim idi. Amma zalım qızının sağ əli yaman ağır idi...
- Analara yada mamalar...
Ey gözəl, vəfalı, sədaqətli analar, nə yaxşı ki, varsınız. Nə yaxşı ki, Allah sizi bizə bəxş edib.
Doqquz ay bizi sinənizdə daşıyırsınız, ömrünüz boyu isə ürəyinizdə. Həyatın hər çətinliyində bizdən əvvəl özünüzü fəda edir, hər zaman bizi düşünürsünüz. Gecikəndə nigaran qalır, darıxır, dərdimizi paylaşır, sevinci bizdən çox sevinirsiniz.
Hər dəfə bizə dəstək olmaq istəyirsiniz, hər dəfə bizə bir tikə də olsa yedirtmək istəyirsiniz. Bəzən bizi ərköyün böyüdürsünüz, amma elə bu da sevgidən doğur gəlir. Çünki ana sevgisi dünyanın ən saf mənbəyidir.
Zaman keçir, siz də qocalırsınız. Biz isə bəzən bu qocalığı görə-görə dəyərinizi gec anlayırıq. Siz bizdən ayrıldıqca, əslində, biz sizi deyil, özümüzü itiririk. Çünki ana həyatın dayağıdır.
Analar müqəddəsdir. Söhbət yaxşı analardan gedir. Allah yaxşı analara rəhmət etsin, yaşayanlara isə uzun ömür versin. Pis ana yoxdur, amma analığın ləyaqətini daşımayanlar var. Onları da Allah islah eləsin.
Allah bütün anaları qorusun. Dünyasını dəyişənlərə rəhmət, yaşayanlara isə can sağlığı diləyirik.
- Atadan oğula qalan bir söz.
Həyat bəzən uzun söhbətlərdən yox, bir cümlədən ibarət olur. Atamla çox vaxt keçirmədim. Onunla oturub dərdləşmək, saatlarla söhbət etmək imkanımız olmadı. Elə indi də mənim oğlumla söhbətlərim ancaq yol üstündə, bir az uzaq səfərə çıxanda alınır. Hərəmiz işimizin, həyatın dalınca qaçırıq. Amma görürsən ki, bir an, bir kəlmə illərlə yadda qalır, insanın yolunu dəyişir.
Rəhmətlik atam bir dəfə yol üstə mənə dedi ki;
- Oğlum, xoşbəxt olmaq istəyirsənmi ?
Dedim ki;
- Bəli, ata, kim istəməz ki…
Dedi ki;
- Onda heç bir halda, heç kimə heç nə danışma.
O vaxt bu söz mənə sadə göründü. Elə bildim ki, atam məni sözsüz, danışmayan birinə çevirmək istəyir. Amma illər keçdi, həyat dərsləri yığıldı, insanların gözü, qısqanclığı, nəfsi ilə üzləşdim. İndi başa düşürəm ki, atam o cümlədə həyatın böyük hikmətini demişdi.
Çünki sirrini açırsan, başqasının əlində oyuncağa çevrilir. Dərdini danışırsan, kiminsə gözündə zəif görünürsən. Sevinci bölüşürsən, qısqanclıq doğurur. Həyat elədir ki, insanın ən güclü qalxanı susmaq, öz içini qorumaqdır.
Mən indi həm öz yolumda gedirəm, həm də oğluma baxanda atamı xatırlayıram. Görürəm ki, nəsillər bir-birinin yolunu təkrar edir, ata işləyir, oğul işləyir, söhbətlər az, görüşləri tələsik. Amma bir gün oğlum da mənim bir kəlmə sözümü yadına salacaq. Bəlkə də illər sonra, həyatın çətinliyində dayanıb deyəcək ki, atam demişdi…
Həyat budur, uzun söhbətlər yox, qısa nəsihətlər insanın yolunu işıqlandırır. Mənim yolumu işıqlandıran isə atamın o bircə kəlməsidir ki;
- Heç kimə, heç nə danışma.
-

Biz ölüyə ətə görə hörmət edirik?
Son vaxtlar yeni bir milli trend yaranıb. Yas evinə gedənlərin böyük əksəriyyəti artıq kresloya oturmur, söhbət etmir, bir stəkan çay içmədən qapıdan geri dönür. Ssenari çox sadədir, qapı açılır, içəriyə başını uzadır, Allah rəhmət eləsin deyib, bir az da sanki borcunu qaytarmış kimi üzündə rahatlıqla çıxıb gedir.
İndi camaat arasında belə bir zarafat dolaşır ki, əsas olan içəri girmək yox, rəhmət eləsin sözünün rekordunu qırmaqdır. Bəziləri gün ərzində 7-8 yas evinə baş çəkib
marafon keçirir.
Hətta bu sahədə yeni innovasiyalar da yaranıb ki, kimisi sadəcə telefonla zəng edib deyir ku, qardaş, mən də gəlmiş hesab elə, Allah rəhmət eləsin.
Kimisi isə vatsapa yazır ki, Allah rəhmət eləsin. Amma bu hamıya şamil olunmur.
Əslində, bu da böyük bir rahatlıqdır. Yəni əvvəllər yas evinə gedib bir-iki saat oturmalı, adamlarla söhbət etməli, mərhumun ailəsinə dəstək olmalıydın. İndi isə hamısı bir cümlə ilə bitir ki, Allah rəhmət eləsin. Qənaətcil, sürətli, vaxt itkisi yoxdur.
Belə getsə, yaxın gələcəkdə sürətli yas mərasimi açılacaq.
Maşından düşmədən pəncərədən başını uzadıb, Allah rəhmət eləsin, deyirsən.
Yanında da kiçik paketdə xurma, çörek və birdəfəlik çay verirlər.
Vəssalam. Qardaş, həm dini borc yerinə yetirildi, həm də mədəniyyət.
Amma məsələ bir az da ciddidir. Çünki biz insanlara dəyəri artıq nə sağlığında, nə də ölümündən sonra vermirik. Yalnız formal cümlələrlə borcu ödəyirik. Halbuki yas evinə getmək,oturmaq, bir stəkan çay içmək, kədəri paylaşmaq idi. İndi isə qapıdan dönmək millətin psixologiyasına çevrilib.
Biz doğrudan da hara gedirik…
Oxunub: 38
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az