Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir.





Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Vətən müharibəsi qəhrəman əsgər və zabitlərimizin yüksək qələbə əzmini, vətənpərvərliyini, xalqımızın milli birliyini, Azərbaycanın heç vaxt işğalla barışmadığını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha  təsdiq etdi. Qəhrəman ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, işğalç, terrorçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz.
Sentyabrın 27-də erməni hərbi birləşmələrinin mülki əhaliyə hücum etməsinə cavab olaraq başlanan döyüşlər 30 ildir gözlədiyimiz ədalətin bərpası, torpaqlarımızı işğaldan azad etmək hüququmuzun təmin edilməsidir və bu hüququ bizə beynəlxalq qanunlar,BMT Təhlükəsizlik Şurasının qətnamələri,Helsinki Yekun Aktı, eləcə də beynəlxalq münasibətlərdə ən ümdə prioritet olan ərazi bütövlüyü prinsipi verir. Bu prinsipi heçə sayan, beynəlxalq qanunları tapdalayan, hətta Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərin altına atdıqları öz imzalarına belə hörmət etməyən ölkələrlə yanaşı bizim unutmayacağımız bu haqq mübarizəsində yanımızda olan ölkələr də oldu.Azərbaycan xalqı bu çətin günlərdə kimin kim olduğunu gördü, dostunu, düşmənini bir daha tanıdı. Qardaş ölkə Türkiyə hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsinin ilk günlərindən də Azərbaycanın haqq işinə dəstək verib. Türkiyənin rəsmi şəxsləri ən yüksək səviyyədə açıqlamalar verməklə,Türkiyənin Azərbaycanın yanında olduğunu qətiyyətlə bildirməklə, üçüncü tərəflərin bu haqq işində Azərbaycana mane olmaması, müdaxilə etməməsi üçün siyasi iradə ortaya qoydular. Sözsüz ki,Türkiyə rəsmilərinin birmənalı dəstəyi Azərbaycana çox böyük siyasi və mənəvi dayaq idi, eyni zamanda, bütün dünyaya bir siqnal idi ki,kənarda durun,müdaxilə etməyin. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar,onun düşünülmüş diplomatik gedişləri Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verir, xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi gətirirdi.
Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi dünya miqyasında bir-birinə ən yaxın olan dövlətlərdir. Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar. Hər kəs bilir ki,Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra bağlayıb. Məhz, bu günə qədər sərhədlərin bağlı qalması özü bir qardaşlıq rəmzi idi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya nümayiş etdirdikləri Birlik və Həmrəylik "tək millət - iki dövlət" haqqındakı qardaşlıq və həmrəylik təliminin gerçək təntənəsidir. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı bütün sahələri əhatə edən qarşılıqlı əməkdaşlıq, strateji tərəfdaşlıq, müharibə dövründəki böyük siyasi və mənəvi dəstək istənilən istiqamətdə, o cümlədən, hərb meydanlarında böyük qələbənin əsas dayağı və hərəkətverici qüvvəsi oldu. “Bir millət, iki dövlət” meydanda da özünü açıq şəkildə göstərdi. Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini də müşahidə etdi. Bu, artıq dünya üçün sirr deyil ki,Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan da məharətlə istifadə edib və müharibədə bu, böyük üstünlük təmin edib. Müharibə dövründə böyük sınaqlardan keçərək daha da möhkəmlənən və hər iki ölkə üçün çox əhəmiyyətli olan bu qardaşlıq və həmrəylik xalqımızı xain və qəsbkar Ermənistan üzərindəki qələbəyə aparan yollarında ən mühüm faktorlarından biri oldu.Hətta belə demək mümkündürsə,Türkiyə torpaqlarımızı geri almaqda Azərbaycanla birlikdə mübarizə apardı. Eyni zamanda,əsl qardaşlıq nümunəsi olan sarsılmaz Azərbaycan - Türkiyə Birliyi dost və tərəfdaş ölkələr üçün də çağırış oldu.
Dünyada heç bir iki dövlət tapılmaz ki, bir-birinə siyasi və iqtisadi maraqdan dolayısı deyil, sırf qardaş olduqları üçün belə dəstək versin.Türkiyə dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən regionumuzda da çox müsbət rol oynayır: “Türkiyənin nüfuzunu və gücünü bütün dünya məhz 44 günlük müharibə zamanı da gördü. 
Vətən Müharibəsində Türk qardaşlarımızın dəstəyi, sonda “Zəfər” bayramı ilə nəticələndi. Azərbaycan ordusu ilə yanaşı qardaş ölkə Türkiyənin silahlı qüvvələri də paradda iştirak etdi.Türkiyə Prezidenti, Müdafiə və Xarici işlər nazirləri və digər rəsmilərin paradda dəvətli qismində iştirakı xüsusi vurğulanmalıdır. Həmçinin,Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı,Prezident İlham Əliyevlə bərabər türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın çıxışı iki qardaş ölkənin daima bir-birinə güclü dəstəyini dünyaya nümayiş etdirmiş oldu.Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz. Bu gün iki ölkə arasındakı əlaqələr ən yüksək formadadır. Bu münasibətlər bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.
Şəki şəhər Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbin direktoru Bəkir Xəlilov

Oxunub: 301
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az