Təkmilləşdirilmiş BMP-2M PDM .





Təkmilləşdirilmiş BMP-2M PDM partiyası qoşunlara çatdırılıb
Rusiya Federaiyasının Müdafiə Nazirliyi ən yeni texnika növlərinin gəlməsini gözləyərək qoşunları təkmilləşdirmə mərhələsindən keçmiş, artıq müsbət cəhətdən sübut olunmuş zirehli texnika ilə təmin etməyə davam edir.
Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin Mətbuat xidmətindən verilən məlumata görə, hərbi dairəyə təkmilləşdirilmiş BMP-2M piyadanın döyüş maşınlarının 8 ədəddən ibarət partiyası gətirilmişdir.
Məlumata görə, BMP-2M döyüş texnikaları Çelyabinsk vilayətində yerləşən iki dəfə Qırmızı Bayraqlı Vitebsk-Novqorod qvardiya tank diviziyasının motoatıcı bölmələrinin silahlanmasına daxil edilmişdir.
BMP-2M piyadanın döyüş maşını komandir və tuşlayıcının gündüz və gecə vahid şəkildə hərəkət etməsinə imkan verən avtomatik atəşi idarəetmə sisteminə malikdir. Döyüş maşınında düşmənin radioelektron təsiri şəraitində sabit işləyə bilən yeni R-168 "Akveduk” radiostansiyası quraşdırılmışdır.
Bundan əvvəl, 2022-ci ilin sonunadək birliklərin “Berejok” döyüş modulu quraşdırılaraq təkmilləşdirilmiş 124 ədəd BMP-2M alacağı barədə məlumatlar paylaşılmışdı.
Hazırda dünya orduları çapında BMP-2 ən kütləvi yayılmış piyada döyüş maşınlarından biridir. Əsgərləri cəbhə bölgəsinə daşımaq, onların hərəkətliliyini, silahlanmasını və təhlükəsizliyini, o cümlədən nüvə silahı tətbiq edilərkən, artırmaq üçün konstruksiya edilmişdir. Döyüş maşını 1980-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinun silahlanmasına qəbul edilmiş və 1990-cı ilə qədər istehsal olunmuşdur. Hazırda Rusiya ordusunda 5000 ədəddən artıq BMP-2 piyadanın döyüş maşını istismar edilir.
BMP-2M PDM təkmilləşdirilməsi zamanı gecəgörmə funksiyasına malik olan yeni panorama nişanlama və müşahidə cihazları, həmçinin yeni radiostansiyası quraşdırılmışdır. Döyüş maşını klassik BMP-2 PDM qülləsi olan, lakin yeni silahlarla təchiz edilmiş iki yerlik “Berejok” döyüş modulu ilə təchiz edilmişdir.
BMP-2M PDM, müasir 9K123 “Kornet” tank əleyhinə idarəolunan raket kompleksi, eləcə də əvəzedilməz 30 mm-lik 2A42 avtomatik topu, 7,62 mm-lik PKTM pulemyotu və 30 mm-lik AQ-30M avtomatik qumbaraatanı ilə silahlandırılmışdır.
Burada xatırlatmaq yerinə düşər ki, sözügedən diviziyanın tank bölmələri keçən ilin oktyabr ayında on ədəd T-72B3M təkmilləşdirilmiş əsas döyüş tankı ilə də təchiz edilmişdir. Tanklar yeni mühərrik, daxili passiv və aktiv qoruma kompleksi, habelə R-168 "Akveduk" radiostansiyası, termal kameralı "Sosna-U" çoxkanallı nişangahla təchiz edilmişdir. Alınan tanklar müvafiq hazırlıq keçdikdən sonra diviziyanın 2020-ci il üçün nəzarət yoxlanışına cəlb edilmişlər.
Daha əvvəl xəbər verildiyi kimi, T-72B3M tankı 1130 at gücünə sahib B-92S2F mühərriki, avtomatik sürətlər qutusu, tankın qülləsində və gövdəsində "Relikt" dinamik mühafizə, daha etibarlı tırtıl bəndləri quraşdırılıb. Tank həmçinin yüksəldilmiş lülə resursuna malik yeni 125 mm 2A46M-5 tank topu ilə təchiz edilmişdir.
Təkmilləşdirilmiş BMP-2M və T-72B3M döyüş texnikaları yeni texnologiya, mürəkkəb manevr qabiliyyəti və zireh qorunması sayəsində birləşmənin döyüş qabiliyyətini artırmışdır.
Məlumat üçün bildirək ki, Mərkəzi Hərbi Dairənin iki dəfə Qırmızı Bayraqlı Vitebsk-Novqorod qvardiya tank diviziyası 1 dekabr 2016-cı ildə təxsis edilmişdir. Diviziyanın tərkibinə 3 tank, 1 motoatıcı və 1 özüyeriyən artilleriya alayları, 1 zenit-raket divizionu, 1 kəşfiyyat və 1 mühəndis taburu, döyüş, maddi-texniki və texniki dəstək hissələri və bölmələri daxildir.
Polkovnik Əhəd Əzizov

Oxunub: 300
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az