"Qafqaz əsiri" və Qarabağ kətəsi.
QARABAĞ KƏTƏSİ Azərbaycanın milli şirniyyatlarından olan bu kətə illərdir qorunub saxlanılan sadə tərkibinə baxmayaraq çox doyumludur. Yumşaq xəmiri, dadlı içliyi və sadə hazırlanma prosesi ilə Qarabağ kətəsi tək bayramlarda yox, adi günlərdə də sevilərək yeyilən şirniyyatlardandır.
"Qafqaz əsiri" filmində Qarabağ kətəsi necə çəkilib. Rejissor Leonid Qayday Bakıda olanda Qarabağ kətəsinin dadına baxır və şirniyyatı çox xoşlayır. Rejissor bunu "Qafqaz əsiri" filminə daxil edir. L.Qaydayın xanımı, aktrisa Nina Qrebeşkova "Brilyant əl" filmində çəkilmək üçün Bakıya gələndə də Qarabağ kətəsini dadmaq istədiyini bildirir.
Tərkibi:
Xəmir üçün:
- 1 kq un
- 200 qr kərə yağı
- 100 qr şəkər tozu
- 350 ml ilıq süd
- 2 ədəd yumurta
- 11 qr maya
- 5 qr şəkərli vanil
İçlik üçün:
- 150 qr un
- 200 qr şəkər tozu
- 100 qr kərə yağı
- 5 qr şəkərli vanil
Üzəri üçün:
- 1 ədəd yumurta sarısı
Hazırlanması:
Kərə yağı öncədən otaq temperaturunda yumşalmağı üçün soyuducudan çıxarılır. Daha sonra geniş bir qaba un, şəkər tozu, yumurta, yumşaq yağ, süd, vanil və maya əlavə edilərək orta yumşaqlıqda, ələ yapışmayan xəmir yoğrulur. Mayalanması üçün 15-20 dəqiqə dinləndirilir.
Bu arada içlik üçün lazım olan bütün ərzaqlar yaxşıca qarışdırılır.
Dinlənmiş xəmir orta ölçülü kündələrə ayrılıb azca yayılır. Xəmirin ortasına içlik yerləşdirilir və bükülür, yenidən yüngülcə yayılır və üzərinə yumurta sarısı ilə çəngəl vasitəsilə bəzək vurulur.
Kətələr 170 dərəcədə sobada üzəri qızaranadək bişirilir.