Xanbikə xanım 1856 - cı ildə Qarabağın baş tacı olan Şuşa şəhərində doğulmuşdur. Xurşidbanu Natəvan irsinin görkəmli tədqiqatçısı Bəylər Məmmədov onun əsl adının Fatmabikə xanım olduğunu, hələ kiçik yaşlarından şair-həkim Mirzə Sadıq Sadiqin və şair Mirzə Rəhim Fənanın təsiri ilə şeir yazmağa başladığını, anası Xurşidbanu Natəvanın yolunu davam etdirərək qəzəllər və rübailər qələmə aldığını öz tədqiqatlarında qələmə almışdır. Tədqiqatçının qeydlərinə əsasən, Xanbikə xanım 1872 - ci ildə Xok və Qıvraq kəndinin atamanı Əmanulla xanla ailə qurmuş, ondan bir neçə övladı olmuşdur. Oğlu Əkbər xan Naxçıvanski 1960 - cı illərə qədər yaşamışdır. Xatirlərdən öyrənirik ki, Aleksandr Dümanın Xurşidbanuya bağışladığı fiqurları, fil sümüyündən olan şahmatı da muzeyə o bağışlamışdır.
Polkovnik Əmanulla xan 1891 - ci ildə vəfat etdikdən sonra Xanbikə xanım Gəncədə yaşayan naxçıvanlı tacir, yazıçı Mirzə Cəlilin yaxın dostu Kərbəlayi Cabbar Hacı Ələsgərov ilə ailə qurur. Ərinin qulluğu ilə əlaqədar olaraq Xanbikə xanım Naxçıvanda, Tiflisdə, Vladiqafqazda yaşasa da, tez-tez anası ilə məktublaşır, bəzən ailəsi ilə bərabər Qarabağa gəlirdi. Xanbikə xanım 1921 - ci ildə Ağdamda vəfat etmiş, İmarətdəki silsiləvi qəbiristanlıqda dəfn olunmuşdur.
Xanbikə xanım Azərbaycan və fars dillərində yazdığı şeirlər bir sıra nəzirələrdən, anası Xurşidbanunun və qızı Ənbərbikənin ayrılığına həsr edilmiş mənzum məktublardan ibarətdir. Bu mənzumələrdə Natəvanın təsiri açıq-aydın şəkildə hiss edilir. Bəylər Məmmədov şairənin təkcə bir şeirinin mətbuat üzü gördüyünü, yerdə qalanları isə arxiv, muzey və əlyazmaları fondunun nadir eksponatlarından olduğunu bildirmişdir.
Bəylər Məmmədov Xanbikə xanımın anası kimi nəfis əl işləri, müxtəlif janrda tikmələr hazırlamaq bacarığı olduğunu yazmışdır. Onun bir neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım "məclisi-üns"ün iştirakçılardan biri idi...
Xanbikə xanımın ailəsi və şəcərəsi:
• İbrahimxəlil xan Cavanşir - nəticəsidir.
• Mehdiqulu xan Cavanşirin - nəvəsidir.
• Xurşidbanu Natəvannın - qızıdır.
• Mehdiqulu xan Vəfanın - bacısıdır.
• Əmanulla xan Naxçıvanskinin - həyat yoldaşıdır.
• Bəhram xan Naxçıvanskinin - anasıdır.
• Əkbər xan Naxçıvanskinin - anasıdır.
Nəvələri: Xanımcan xanım, Nuşerim xanım, Məhmə xanım, Zibəndə xanım, Seymur xan, İzzət xan, Sürəyya xanım, Həbib xan, Əxtər xanım, Reyhanat xanım, Tərlan xanım, Aman xan və İsgəndər xan
Nəticələri: Xaqan xan Naxçıvanski, Kamran xan Naxçıvanski, Ənvər xanım Naxçıvanskaya, Sənubər xanım Naxçıvanskaya.