Agentliyin 1 illik fəaliyyətinə dair Hesabat brifinqi keçirilib.




Agentliyin 1 illik fəaliyyətinə dair Hesabat brifinqi keçirilib. 
Oktyabrın 29-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən Agentliyin 1 illik fəaliyyəti dövründə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransını giriş sözü ilə açan Agentlik direktoru Eşqi Bağırov hesabat dövründə ölkəmizdə məktəbəqədər təhsilin təşkili və idarə olunması istiqamətində  əhatəliliyin artırılması və keyfiyyətin yaxşılaşdırılması, alternativ təhsil və maliyyələşmə modelləri, pedaqoji heyətin peşəkar inkişafı və məktəbəqədər təhsil müəssisələrində həyata keçirilən nəzarət tədbirləri barədə iştirakçılara məlumat verib.
Eyni zamanda, Eşqi Bağırov ümumi təhsilin təşkili və idarə olunması istiqamətində pedaqoji heyət ilə bağlı müəllimlərin işə qəbulu, direktorların işə qəbulu, müəllimlərin iş yerlərinin dəyişdirilməsi müsabiqəsi, müəllimlərin iş yerlərinin qarşılıqlı dəyişdirilməsi eləcə də təhsilverənlərin sertifikatlaşdırılması mövzularına toxunub, təhsil müəssisələrində həyata keçirilən layihələr, həmçinin nəzarət tədbirləri barədə də tədbir iştirakçılarını məlumatlandırıb. 
Bununla yanaşı, məktəbdənkənar fəaliyyətin əhatəliliyi, həyata keçirilən tədbirlər barəsində məlumatlar təqdim edilib, həmçinin yaxın dövr ərzində məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul və təhsilverənlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı yeniliklər diqqətə çatdırılıb.
Agentlik direktoru Eşqi Bağırov Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturu barədə mövcud vəziyyət və qarşıda duran vəzifələr istiqamətində təqdimatla çıxış edib.
Təhsilin əlçatanlığının, bərabərlik və keyfiyyətinin təmin edilməsi, həmçinin vətəndaş məmnunluğunun artırılması, vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsinin prioritet istiqamətlərdən olduğu vurğulanıb.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Oxunub: 73
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az