Ordumuzun Zəfər rəmzi olan, Qarabağın simvoluna çevrilmiş, 30 ildir ki, qəfəsdə qalan Xarı bülbül haqqında bir çox hekayələr var. İndi isə bu hekayələr arasında Xarı bülbülü daha gözəl təcəssüm etdirən birini təqdim edirik.
Rəvayətə görə, bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün gözləri qarşısında alçaltmaq imiş.
Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırmış. O əsəndə, hərəkətə gələndə, aləmi tozanağa bürüyəndə bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət göstərmək istəyənləri neçə yerə şaxbudaq eləyib yerlə-yeksan edərmiş. Bir gün külək var qüvvəsilə əsirmiş. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirdilər. Yalnız zərif, gözəl, ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi: Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?
Gül inamla cavab verdi: Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o heç kəsə baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti məni baş əyməyə qoymaz.
Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü…
Külək bu sözləri deyib kükrədi. Elə bu vaxt bülbül sevgilisi gülün görüşünə gedirdi. Küləyin qəzəbi yerə, göyə sığmırdı. Zərif otlardan tutmuş fil gövdəli ağaclara qədər ona baş əyirdi. Artıq gül son qüvvəsini toplayırdı. Onun müqaviməti tükənməyə başlayırdı. Çünki o, tək qalmışdı. Əgər bülbül yanında olsaydı…
Gül bir yarpaq əyildi. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldadı. Bir az da keçəcək, külək gülü öz gücü ilə ikiqat edəcəkdi. Bülbül özünü vaxtında gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyir. Külək daha da hiddətlənir. Bülbül gülün əyilən qamətini düzəldir. Ancaq gülün xarı (yəni tikanı) onun sinəsinə sancılır. Bülbül məhv olur, gülü bir addım belə əyilməyə qoymur. Elə həmin vaxtdan özünü məhəbbət uğrunda fəda edən bülbülün adı Xarı bülbül qalır. Gül Xarı bülbül görkəmində güllər açır.
Oxunub: 1 362