Azərbaycan Kinematoqrafçılar İttifaqının yaradıcısı Lətif Səfərovun dünyaya göz açdığı gündür.




Azərbaycan Kinematoqrafçılar İttifaqının yaradıcısı Lətif Səfərovun dünyaya göz açdığı gündür.
1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının yaratmaqla, sədr kimi fəaliyyətilə özünü kino tarixinə yazdıran, az ömür yaşamasına baxmayaraq çox söz deməyi bacaran, özündən sonra gələn yeni nəsil kinematoqrafçılara da davamçı rolunu oynamaq imkanları yaradan, rejissor, ssenarist Lətif Səfərovun dünyaya göz açdığı gündür, 104 yaşı tamam olur.
Və o da təsadüfi deyil ki, 2024-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında ittifaqın adının dəyişilməsi ilə bağlı müzakirədə hamı yekdilliklə eyni adın üzərində dayanaraq səs verir. Bu, Lətif Səfərov yaradıcılığına, onun illər öncə həyatı bahasına ittfaqın yaranması üçün verdiyi əməyə, zəhmətə, göstərdiyi cəsarətə verilən böyük hörmətdən irəli gəlirdi.
1927-ci il…Bir qrup kinematoqrafçı qədim Şuşa şəhərinə səfər edir, şəhərin mənzərəsinə heyran qalırlar.1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından bəhs olunan “Gilan qızı”adlı filmin bir sıra natura obyektlərini çəkmək üçün Şuşanın mənzərəsini seçən rejissor Leo Murun 8 yaşlı Lətifi görməsi və filminə çəkməsi balaca Lətifin həyatını tamamilə dəyişir. Məhz o gün Azərbaycan kino tarixinə adını milli ruhlu rejissor kimi yazdıran Lətif Səfərovun sənət taleyinin başlandığı gün idi…
Ən maraqlısı isə ondan ibarətdir ki,“Gilan qızı”nda rejissor assistenti kimi çalışan rejissor Mikayıl Mikayılov az yaşlı qəhrəmanın kamera qarşısında olan məharətini bəyəndiyi üçün onu 1930-cu ildə quruluş verdiyi filmində baş qəhrəmanın roluna dəvət edir və filmi də məhz onun şərəfinə “Lətif” adlandırır.
 “Lətif” filmi 30-cu illərdə Azərbaycanda həyata keçirilən kollektivləşməyə həsr olunub. Balaca qəhrəmanın taleyi fonunda uzaq dağ kəndində kolxoz quruculuğu prosesi öz əksini tapıb.
Uşaq yaşlarından kamera qarçıında dayanan Lətif ardıcıl olaraq “Gilan qızı” filmində Gülgül, “Lətif” filmində Lətif rollarını, eyni zamanda “Şərqə yol” sənədli filmində, “Qızıl kol” filmində epizodik rollarda çəkilir.
1937-ci il…Məhz həmin ildə studiyada dublyaj şöbəsi fəaliyyətə başlayır ki, L.Səfərov da elə hmin ikldən “Çapayev”, “Biz Kronştatdanıq”, “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə”, “Professor Mamlük” və s. bədii filmlərin Azərbaycan dilində səsləndirilməsində rejissor köməkçisi, eyni zamanda aktyor kimi iştirak edir.
“Azərfilm” kinostudiyasında “Ordenli Azərbaycan” sənədli (1938), “Kəndlilər” bədii filmlərində rejissor köməkçisi, “Yeni horizont” bədii, “İyirminci bahar” sənədli filmlərində rejissor assistenti işləyir və çalışdığı sənətkarların hər birinin (Səməd Mərdanov, Ağarza Quliyev, Rza Təhmasib, Mikayıl Mikayılov kimi sənətkarların) zəngin təcrübəsini öyrənirdi.
1939-cu ildə L.Səfərov təhsilini davam etdirmək məqsədilə Moskva Kinematoqrafiya İnstitutuna daxil olur. 1947-ci il “Çağırışa cavab” adlı kinooçerk çəkir. 1949-cu ildə çəkdiyi “Yeni həyat qurucuları” sənədli oçerki isə diplom işi kimi əla qiymətə layiq görülür. O, sadəcə ümidverici tələbə deyildi, eyni zamanda uşaq yaşlarından  kamera qarşısında dayanan, çəkiliş prosesini izləyən və öyrənən, eyni zamanda bütün bunları həyata keçirən peşəkar rejissor idi.
1952-ci il…Moskvada kino işçilərinin ümumittifaq müşavirəsi keçirilirdi. Bu müşavirədə Azərbaycan kinematoqrafçılarının bir qrupu iştirak edirdi, Lətif Səfərov da onların arasında idi. Və elə bir an gəldi ki, danışmaqdan başqa çarə olmadığını anladı və tribunaya qalxaraq, böyük cəsarətlə çıxış edərək Azərbaycan kinematoqrafçılarının haqqını müdafiə edir.
1950-ci illərin əvvəllərində bir neçə sənədli filmə (“Bakı və bakıllar”, “Bərəkətli torpaq”, “Azərbaycan sərhədçiləri”, “Bakılılar”, “Ordenli Azərbaycan”, “Çağırışa cavab” və s.)quruluş verir. Daha sonra isə “Sevimli mahnı” (Bəxtiyar”), “Qızmar günəş altında”, “Leyli və Məcnun”, filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirir.
Moskvada problemləri qabartmaq işə yarayır. 1958-ci ildə rejissor Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri seçilir və iş həyatına eyni ahənglə davam edir. Ola bilsin ki, vəzifə ilə onu susdurmaq istəyiblər və ya əksinə kino üçün iş görmək istəyi nəzərə alınaraq ona geniş şərait yaradılıb. Ancaq Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri olmaq, belə bir vəzifə daşımaq onun xarakterini dəyişmir, əksinə daha çox mövcud nöqsanlara qarşı səsini ucaltmasına daha geniş şərait yaradır.
1961-ci il…Moskvada keçirilən ümumittifaq konfransda yenə də ümumi söhbətlər, müzakirələr, kinoda mövcud olan problemlər, mübahisələr…Əgər bütün kinematoqrafçılar cəsarətli olsaydı, yəqin ki, kinodakı problemlər zamanında öz həllini tapardı. Təssüflər olsun ki, Lətif Səfərov düşüncəsində olan knematoqrafçılar(əlbəttə ki, söhbət Azərbaycan mühitindən gedir) yox dərəcəsində olub. Bu dəfə də öz çıxışında kinematoqrafçının həyatını düşünürdü: “Yaradıcı adam ya kinematoqrafiyadan getməlidir, ya da kinoda söz demək gücünü göstərməlidir. adamlarla həqiqət dilində danışmaq lazımdır. Yalan cana doyurub,  o dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət yalan danışıblar. Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardır. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpımında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafiyada isə uğursuz alınmış epizodu təzədən çəkmək və hər dəfə buna cəhd etmək, bu o qədər asan deyil. Axı bu, təkcə rejissorun işi deyil, çətin və kollektivin əməyindən asılı olan yaradıcılıqdır”.
Bu çıxışdan sonra ona qarşı daha çox təzyiqlər olub, gözlənilməz zərbələr alıb. Ancaq rejissorun dönməz xarakteri, böyük sənətə doğru inamla irəliləyişi, sənət iddiası, ona yolundakı bütün maneləri aşmaqda kömək edib. İlk bədii filmini çəkdiyi dövrdən təzyiqlərə məruz qalsa da, taleyin gözlənilməz zərbələrinə məruz qalsa da, heç bir vaxt heç kimin qarşısında əyilmədi, sənətə xəyanət etmədi. 
Mütaliəsi geniş, nəzəri biliyi dərin, daima axtarışda olan, həyat hadisələrini fəlsəfi cəhətdən mənalandırmağı bacaran, prinsipial və son dərəcə çılğın Lətif Səfərovu - Ustadı doğulduğu gündə böyük sevgi, hörmət və ehtiramla yad edirik!

Azərbaycan Kinematoqrafçılar İttifaqı.

Oxunub: 191
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az