Hüseyn Arif haqqında maraqlı məlumatlar .







Hüseyn Arif haqqında maraqlı məlumatlar 
Hüseyn Arif daha çox gülməli insan kimi tanınır. Çoxu bilmir ki, o, həm də olduqca həssas qəlbə malik olan və ömrünün xeyli hissəsini dərd-qəm içində keçirən birisi olub. Xüsusən, tək oğlu Arifin ölümü onun həyatını alt-üst edib.
Bu hadisədən sonra o, oğlunun adını təxəllüs götürüb. Onacan Hüseyn Hüseynzadə kimi tanınırdı.
                          ***
Xalq artisti Habil Əliyev danışır ki, oğlu rəhmətə gedəndə yasa getdim, mağarda üz-üzə gəldik, bilmədim, nə deyəm. Adamın bir oğlu var, o da dünyasını dəyişib, nə deyəsən, necə təsəlli verəsən? Deyir, Hüseyn Arif əllərimdən yapışdı və qəhərdən boğula-boğula dedi:
- Habil, indiyəcən sənə qulaq asanda ağlayırdım, bəs indi neyləyəcəm?
                            ***
 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Filarmoniyada Hüseyn Ariflə görüş təşkil olunur. Aparıcı Zəlimxan Yaqub imiş. Birinci hissə başlayır, Hüseyn Arif yoxdur... O vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu əsəbiləşir. Deyir, daş deşiyində olsa da şairi tapmalısınız. Evinə zəng vururlar. Axşam gəlməyib.
Görüşün birinci hissəsini Zəlimxan Yaqub birtəhər yola verir. Fasilədə Hüseyn Arifin evindən zəng gəlir. Həyat yoldaşı imiş. Deyir:
- Hüseyn Qazaxdadır. Axşam dostlarına qoşulub gedib. İndicə evə zəng vurmuşdu. Dedi, filarmoniyada mənimlə görüş keçirilir, maraqlan gör necə keçir?
                             ***
Hüseyn Arif gəncliyində məşhur aşıq Aşıq Mirzənin qızını sevib. Ancaq qovuşmayıblar. Hüseyn əsgərlikdə ikən Bənövşə ərə gedib. Sonralar şairə 16 yaşında bir qız göstəriblər, gözəl olduğundan şair ona vurulub. Evlənməyə razılığını alıblar. Qız onu oxudacağına söz verəndən sonra Hüseynlə ailə qurmağa razı olub. Ancaq bir çox sevgi şeirlərində “İlk və son məhəbbətim” deyə Bənövşəyə işarələr vurub.
                             ***
SSRİ Xalq artisti Zeynəb Xanlarova ilk dəfə onun şeiri ilə efirə çıxıb. “Qonşu qız” mahnısıyla... Sözləri Hüseyn Arifin, musiqisi Ələkbər Tağıyevindir. Amma sonralar danıb bu faktı. Deyib, öz mahnımla çıxmışam. Halbuki o vaxt gənc bir qızın mahnısını heç vaxt efirə buraxmazdılar. Bu fakt televiziyanın “Qızıl fondu”nda da öz əksini tapıb.  
                                  ***
Daha bir maraqlı fakt: Hüseyn Arifin zəngin kitabxanası olub. Orta məktəbi də çox güclü oxuyub. Onu yaxşı oxuduğu üçün üçdən beşə, beşdən yeddiyə keçiriblər.
                                  ***
Əslində, ədəbiyyat və sənət cameəsində “Qazaxşina” adlandırılan Qazax yerlibazlığı Səməd Vurğundan çox Hüseyn Arifin adı ilə bağlıdır. Bununla bağlı məşhur bir məsəl də var. Guya Hüseyn Arif gileylənirmiş: “Bilmirəm mənə niyə yerlibaz deyirlər. Mən ki, tovuzluları da çap edirəm!”
                                  ***
 Deməli, bir gün Hüseyn Arif  İbrahim Kəbirlinin evinə getmişdi. Özü də onu deyim ki, İbrahim Kəbirli rus qadını ilə ailə qurandan sonra elə onun evində yaşayırdı. Heç bilmirəm gedib hardan tapmışdı onu. Arvad evinə heç kimi buraxmırdı. Bircə Hüseyn Arifdən başqa. Hüseyn qağa da gedib onlara,  yeyib- içiblər . Gələndə mənə dedi:
-  Vaqif , İvişgildən gəlerəm. Zalım oğlu qorxa-qorxa gəzer evdə. Elə bil güldanı-zadı götürüb qoltuq cibinə soxajaq. Hay, öz evi deyil axı.
Bir gün də söhbət edə-edə nəşriyyata gəldik. Hüseyn Arif də qolumdan tutub danışırdı. Qolumdan bərk yapışıb danışır,  yanımızdan keçən camaat da maraqla bizə baxırdı. Birdən biri soruşdu. 
- Hüseyn müəllim, bunu belə hara aparırsan?
- Heş hara. İki aydı bizdə işliyif maiş alır, amma idarəni tanımır. Gətirmişəm, iş yerini ona tanıdım.

Oxunub: 2 938
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az