Tahir Əmiraslanovun doğum günüdür.



Bu gün Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru olmuş dəyərli eloğlumuz, gözəl insan, əməkdar mədəniyyət xadimi Tahir Əmiraslanovun doğum günüdür.
Əziz Tahir bəyi Tovuzlular səhifəsi adından təbrik edir, ona uzun ömür, can sağlığı və yeni - yeni nailiyyətlər arzu edirik..
Tahir İdris oğlu Əmiraslanov 14 mart 1958-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olub. 1979-1984-cü illərdə Leninqrad (indiki Sankt-Peterburq) Sovet Ticarət Universitetinin əyani “İctimai-iaşənin texnologiyası və təşkili” fakultəsində təhsil alıb. Azərbaycan Milli Kulinariya Mərkəzinin yaradılmasının təşəbbüskarı, yaradıcısı və rəhbəri olub.
Azərbaycan Milli Kulinariya Assosasiyasının təsisçisi, yaradıcısı və prezidenti olub.
Malta, Rumıniya, Yerusəlim, BƏƏ, Xorvatiya, Serbiya, Monqolustan və s. ölkələrin Kulinariya təşkilatlarının fəxri üzvüdür.
1984-cü ildən SSRİ-də ilk dəfə kulinarlar birliyinin, klubunun yaradılması ideyasını qaldırıb. Bu fikirləri Gəncədə “Toxucu”, “Kirovabad fəhləsi” və s. qəzetlərdə dərc etdirib. 1987-ci ildə ilk dəfə olaraq Azərbaycan Milli Mətbəx muzeyindən tədris-tədqiqat komplekslərindən ibarət bir mərkəzin yaradılması haqqında məsələ qaldırıb. Bu məsələni daimi olaraq 1991-ci ildə AMKM yaranana qədər mətbuatın, dövlət orqanlarının, elmi təşkilatların diqqət mərkəzində saxlayıb. 1989-cu ildən Mətbəx mədəniyyətimizə erməni təcavüzünə qarşı çıxmağa başlayan, uğurlar qazanan ilk və yeganə mütəxəssisdir. 1990-cı ildən SSRİ Kulinariya Assosiasiyasının yaradıcılarından biri və bu təşkilatın idarə heyətinin üzvü, təbliğat şöbəsinin rəisi olub. Bu təşkilatın təqdimatının Bakıda keçirilməsi, Moskvada 10 min nəfərə Novruz bayramının keçirilməsi və s. Azərbaycan həqiqətlərinin tanınmasına, Ermənistanın Kulinariya proseslərindən uzaqlaşmasına səbəb oldu.
 1990-cı ildən etibarən Rusiya və xarici ölkələrin mətbuatında Azərbaycan mətbəxi ilə bağlı çoxsaylı yazılar dərc etdirib.
1992-ci ildə onun səyləri nəticəsində Azərbaycan sabiq SSRİ məkanından, sabiq sosialist lageri ölkələrindən və Türk dünyasından Ümumdünya Kulinariya Təşkilatları Birliyinə qəbul edilən ilk ölkə oldu. 1992-ci ildə T.Əmiraslanov t.e. doktoru V.V.Poklebkinin Azərbaycan mətbəx tarixinin, mədəniyyətinin ermənilərin adına yazmasına qarşı elmi məqaləsi sabiq SSRİ-nin 38 alim və mütəxəssisi tərəfindən müzakirə olundu və həmin yazı 1993-cü ildə bir milyon tirajla “Pitanie i Obşestvo” jurnalının 3-cü və 4-cü saylarında dərc olundu. Bu mətbəx mədəniyyətimizə erməni plagiatına qarşı yazılmış və 70 il ərzində dərc edilmiş ilk yazı oldu.
1993-cü ildən başlayaraq onun rəhbərliyi ilə Azərbaycan Milli Kulinariya komandası Maltada, Sinqapurda, Norveçdə, Çilidə, Koreyada, Almaniyada, İsraildə, Malayziyada, Amerikada, Avstraliyada və s. ölkələrdə keçirilən Beynəlxalq Çempionatlardan ölkəmizə qızıl, gümüş, bürünc medallar gətirməyə başladılar. Bir çox Konqresslərdə, Konfraslarda, Forumlarda ölkəmizi təmsil edib.
1994-cü ildə T.Əmiraslanovun müstəsna əməyi nəticəsində Rusiya, 2002-ci ildə Ukrayna və Özbəkistan, 2008-ci ildə isə Türkiyə və Qazaxıstan, Serbiya, Belorusiya və Moldova 2014-cü ildə Qırğızıstan, Ümumdünya Kulinariya Təşkilatları birliyinə (ÜKTB) üzv qəbul edildi.
1996-cı ildə Qüdsdə keçirilən Ümumdünya Kulinariya Konqressində müəllif və banisi olduğu “Yeni informatik qida nəzəriyyəsi”ni açıqlayıb. 2008-ci ildə nəzəriyyə Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasında təcrübədə təsdiqini tapdı, ali tədris kitablarına daxil edildi. Bu nəzəriyyə qida, tibb, sosiologiya və s elmlərdə cavabı olmayan bir sıra sualları cavablandırdı və bu gün istifadə edilməkdədir.
2015-ci ildə T.Əmiraslanovun “Azerbaijan kitchen” kitabı kulinariya kitabları sərgisində Avropa Qitəsində və Dünyada I yer tutub.
Dünyanın ən yüksək kulinariya mükafatlarının sahibidir. 30-a yaxın kitabın, o cümlədən Azərbaycanın ilk Kulinariya Ensiklopediyasının, çoxsaylı məqalələrin müəllifidir. Xarici ölkələrin Universitetlərində, elmi müəssisələrində mühazirələrlə çıxış edir. 
Tahir İdris oğlu Əmiraslanov mühəndis-texnoloq, usta-aşpaz, Dünya dərəcəli usta-aşpaz, ÜKTB dərəcəli hakim, Dünya Kulinariya Mədəniyyəti Ustasıdır.
Onun hazırladığı texnologiyalar şok dondurma qida fabriklərində istifadə edilir. Azərbaycanın xaricdə ilk bistrosunun “Burgerxanın” yaradıcılarındandır.
- Tarix üzrə ph. doktor, professor;
- Əməkdar Mədəniyyət İşçisi;
- Azərbaycan Yazıçılar İttifaqının üzvü;
- ÜKTB-nin fəxri-üzvü (90 ildə bu mükafat 12 milyon ÜKTB üzvündən yalnız 110 nəfərə verilib);
- ÜKTB Prezidenti mükafatı (12 milyondan cəmisi 12 nəfərə verilib);
- ÜKTB təhsil komitəsinin üzvü;
- Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü;
- Fransa Milli Kulinariya Akademiyasının fəxri-üzvü;
- Dünya Kulinariya İnstitutunun (DKİ) Məsləhət Şurasının üzvü və Səfiridir;
- Dünya İslam Kulinariya Birliyinin Vitse-Prezidenti;
- Malta, Serbiya, BƏƏ və s. onlarca Kulinariya Assosiasiyalarının fəxri üzvü;
- UNECKO Dünya Xalq Yaradıcılığı təşkilatının, Ənənəvi Qida Komitəsinin üzvü.
Ailəlidir. İki övladı, dörd nəvəsi var.
Tahir Əmiraslanov
1. Yeni İnformatik Qida Nəzəriyyəsinin banisi.
2. Dünyada ilk dəfə Mətbəx rəqslərinin metodikasını hazırlayıb. 2008-ci ildə ilk dəfə Mətbəx rəqslərini ABŞ-da Solt-Leyk Sitidə 72 ölkə qarşısına qoydu və dünya bunu qəbul etdi.
3. 2011-ci ildə Ulan-Udedə (RF) V Beynəlxalq Elmi-musiqi Konqresində ilk dəfə dünyada “Milli mətbəx və Milli musiqinin bağlılığı. Musiqinin insanın həzm qabiliyyətinə təsiri” adlı elmi məruzə ilə çıxış etdi.
4. İlk dəfə Azərbaycan folklorunu və Milli mətbəx bağlılığıını ortaya qoydu.
5. İlk dəfə Azərbaycan mətbəxi ilə arxeoloji tapıntıları bağlamaqla Azərbaycanın Dünya mətbəxinin beşiyi olduğunu ortaya çıxardı.
6. Azərbaycan mətbəxinin kompleks tədqiqatını (tarixi, arxeoloji, ədəbi, folklor, dil, tibb, fizika, kimya və s. birlikdə) ortaya çıxardı.
7. Ilk dəfə Azərbaycan mətbəxinin tərifini verdi.
8. Kulinariyanı elm kimi göstərdi. 
9. Kulinariya tariximizi ilk dəfə üzə çıxardı.
10. Dünyada ilk dəfə yeməyin psixo-fizioloji təsirini araşdırıb ortaya qoydu.
11. Dünyada ilk dəfə insan hisslərinin restoran biznesində ekspluatasiyası haqqında və bu hisslər üzərində restoranların qurulması barədə bilgiləri ortaya qoydu.
12. Dünyada ilk dəfə psixoloji amillərin xörəyin dadına təsiri barədə danışdı.
13. Dünyada ilk dəfə Azərbaycanda bir çox elmi, folklor, ədəbi-fəlsəfi və digər ədəbiyyatı mətbəxin tədqiqatına gətirdi.
14. Dünyada ilk dəfə qədim kitablardakı xörəklərin düsturlarını restavrasiya etdi.
15. İlk dəfə Qarabağ mətbəxini topladı.
16. İlk dəfə İrəvan bölgə mətbəximizi topladı.
17. İlk dəfə Azərbaycan mətbəxinin bölgələr üzrə toplanmasının əsasını qoydu. 
18. İlk dəfə 300-dən çox dolma düsturunu ortaya qoydu.
19. İlk dəfə Azərbaycan dilində mətbəx terminlərinin əmələ gəlmə qaydasını açıqladı.
20. İlk dəfə hər bir xörək haqqında “Mətbəx dastanları”-nı yaratdı.
21. Azərbaycanda ilk Kulinariya təşkilatlarını yaratdı.
22. Azərbaycanı xaricdə peşəkarcasına, ən yüksək qurumlarda, ən yüksək vəzifələrdə ilk dəfə o təmsil etdi.
23. Milli mətbəximiz barədə xarici ölkələrdə, Universitetlərdə və elmi konfranslarda mühazirə oxuyan ilk mütəxəssisimiz oldu.
24. Azərbaycanın ilk peşəkar jurnalı olan “Kulina”-nı yaratdı.
25. İlk dəfə əsaslı, elmi surətdə, Mətbəx və sevgini, cinsəl həyatın bir-biri ilə bağladı, fəlsəfi, tarixi, dini, texnoloji və tibbi aspektini birgə açıqladı.
26. Azərbaycandan və Türk Dünyasından Mətbəx mədəniyyətində erməni plagiatına qarşı duran, erməni müddəalarını elmi şəkildə, tarixi, dilçilik, texnoloji və s. tərəflərdən dağıtmış ilk və yeganə mütəxəssisdir.
Dünyada erməni mətbəx təbliğatına qarşı durub qalib gəlmiş ilk 
mütəxəssisimizdir.
27. Azərbaycanda ilk mətbəx festivallarına start verən, ilk Beynəlxalq Milli mətbəx festivallarını ortaya qoyan, festival hərəkatını yaradan mütəxəssisdir.
28. Kulinariya sahəsində yazdığı 30-dan çox kitab və yüzlərlə məqalələrdə, ilk mütəxəssisdir ki, təkcə düsturlar (nüsxə, resept) yazmır, hər bir xörək düsturundan çıxış edərək çox böyük elmi məsələlərə işıq salır.
29. Qədim tarixi mətbəx kitablarımızı axtarıb tapan, onları Azərbaycana gətirən, tədqiqatlara cəlb edən, tərcümə və bərpa edib özümüzə qaytaran ilk mütəxəssisdir.
30. Kulinariyanın elm olduğunu ardıcıl olaraq isbatlayan, bu elmi formalaşdıran MEA səviyyəsinə qaldıran ilk mütəxəssisimizdir.
31. Dini kitablarda, Quranda mövcud olan qida ilə bağlı məsələlərə tam yeni elmi traktovka verən, elmi cəhətdən əsaslandıran ilk mütəxəssisdir.
32. İlk dəfə Qobustandan bezoar, keçi rəsmlərinin ətin kulinar istiqamətləri üzrə bölgüsü olduğunu və 12 min il öncə Azərbaycanda Kulinariya məktəbinin olduğunu dünyaya isbatladı.
33. Dədə Qorqudda araq sözünün olduğunu, distillə yolu ilə alındığını göstərdi və Qəbələ muzeyində VII-VIII əsrə aid gildən distillə aparatı ilə birlikdə Azərbaycanda distillə yolu ilə spirtli içki alınmasının ən qədim olduğunu isbatladı.
34. İlk dəfə peşəkar leksikona Azərbaycan türkcəsinə aid terminləri qaytardı, bərpa elədi : çeşni (menyu), nüxsə, düstur (resept), açar (başlanğıc, start yeməyi), çimyağ (fritür), süfrəçi (ofisiant) və s. terminləri.
35. Xörək adlarının etimologiyasını izah etdi.
36. İlk dəfə Azərbaycanda ən yüksək tələblərə cavab verən uşaq və məktəbli yeməkxanası yaratdı (MTK).
37. Şəkidən tapılmış 3700 yaşı olan samovarla bağlı unikal tədqiqatları dünyaya çatdırdı, samovarda bişirilən şorbaları bərpa elədi.
38. İlk dəfə çayxananın ölkəmizdə 100-200 deyil ən azı min ildən çox yaşı olduğunu isbat etdi. 
39. Azərbaycan mətbəxinin ölkəmizdə məşhurlaşmasında misilsiz zəhmət göstərdi.
40. İlk şəxsdir ki, xarici ölkələrdə Azərbaycan mətbəxini gündəmə gətirib.
41. İlk Milli Kulinariya komandalarını yaradıb və dünyaya çıxarıb və buna davam edir.
42. Yeganə mütəxəssisdir ki, onun tədqiqatlarına müraciət etmədən Kulinariya sahəsində heç bir ciddi araşdırma mümkün deyil. 
43. Tələbələri, yetirmələri dünyanın hər yerində, ölkəmizdə ən yüksək məqamdadırlar.
44. Azərbaycan Milli mətbəx qanununun təşəbbüskarıdır.
45. Azərbaycanda ilk dəfə Milli mətbəxin patentləşdirilməsinin əsasını qoyub. İlk dəfə Milli xörəklərin patentləşdirilməsinə nail olub. Azərbaycanda yeni yaradılan xörəklərin patent praktikasını həyata keçirir.
46. İlk dəfə Milli mətbəxin toplanması, tədqiqatı, təbliği və tətbiqi məsələlərini qaldırıb.
47. İlk dəfə Azərbaycanda Milli mətbəx muzeyinin yaradılmasını gündəmə gətirib.
48. Yeganə şəxsdir ki, 27 il ərzində Ermənistanın dünyanın heç bir Kulinariya Çempionatlarında, Olimpiadalarında, Konfrans və Konqreslərində iştirak etməsinə imkan verməyib.
49. Azərbaycanda ilk etno restoran yaradıb.
50. İlk şəxsdir ki, Milli Mətbəxin modernizasiyasını həyata keçirib və keçirir.
51. İlk dəfə xörəklərin (paxlava, şəkərbura, halva, şah-plov, quymaq və s.) sakral mənalarını araşdırıb, ilk dəfə xörəklərin sakrallaşdığından danışdı.
52. Məhz ilk dəfə o, mətbəximizə tarix verib, onu tam şəkildə ortaya çıxartdı, bütövlük verdi.
53. Lavaşın, dolmanın UNECKO səviyyəsinə qaldırılmasının səbəbkarı, təşəbbüskarı oldu.
54. Azərbaycanda ilk dəfə restoranların aşpazlardan deyil, standartlaşmış düsturlarla, texnoloji kartlarla və s. sistemdən asılı olmasının vacibliyini söylədi və sübut etdi.
55. Malayziya, Rusiya, Avstriya, Ukrayna, İsrail, Qırğızıstan, Türkiyə, Özbəkistan, Serbiya, Gürcüstan və s. ölkələrin Universitetlərində, Beynəlxalq konfranslarda və s. məruzələrlə çıxış etməyə dəvət edilən ilk Azərbaycanlı kulinardır.
56. Hər bir ölkə özünün, hər kulinariya tədbirində görmək arzusunda olduğu yeganə azərbaycanlı kulinar mütəxəssisdir.
57. Beynəlxalq Kulinariya gününün bayram edilməsi təşəbbüsü ilə çıxış edib və 2004-cü ildə Dünya Kulinariya Konqresi bu təklifi qəbul edib. Hazırda 115-dən çox ölkədə 20 oktyabr Kulinariya günü bayram edilir. 
58. Azərbaycan Milli mətbəxinin məşhurlaşdırılmasının əsas səbəbkarıdır və müstəsna rolu danılmazdır.
59. Ədəbiyyatda, fəlsəfədə yeni bir baxış, dünyaya mətbəxdən baxışı formalaşdırır.
60. İlk kulinar mütəxəssisdir ki, Azərbaycan ordusunun qidalanması ilə bağlı işlər görmüş, hərbi məktəblərdə, hərbi hissədə mühazirələr oxumuş, Azərbaycanın ilk hərbi aşpazlar komandasını yaratmış, Beynəlxalq Çempionatda ilk hərbi kulinariya komandamızın qələbəsini təmin etmişdir.
61. Azərbaycan və Dünya kulinariya elminə, Kulinariya mədəniyyətinə və təcrübəsinə verdiyi tövhələrə görə dünyanın ən yüksək mükafatlarına layiq görülmüşdür.
62. Ölkəmizdə ilk dəfə Kulinariya sahəsində tədqiqat kompleksinin, elmi-tədqiqat institutunun yaradılması məsələsinin qaldırıb.
63. Azərbaycanda ilk dəfə Kulinariya üzrə təhsil kompleksinin Kulinariya Akademiyasının yaradılması məsələsini gündəmə gətirib.
64. Dünya İslam Kulinariya Birliyinin yaradılmasının il təşəbbüskarı, yaradıcılarından biri və bu təşkilatın ilk Vitse-Prezidenti oldu. Dünyada ilk dəfə 2009-cu ildə Bakıda Beynəlxalq İslam mətbəxi Kulinariya festivalını keçirdi.
65. İlk dəfə Dünya Türk mətbəx mədəniyyəti Assosiasiyasının yaradılması təşəbbüsünü irəli sürüb.
66. İlk dəfə “Dünya ipək yolu ölkələrinin Kulinariya təşkilatı”nın yaradılması ideyası ilə çıxış edib.
67. Kulinariya sahəsində xaricdə mütəmadi çap edilən yeganə mütəxəssisimizdir.
68. Azərbaycanın ilk Kulinariya Ensiklopediyasını hazırlayıb.
69. Elmi əsaslarla bədii yaradıcılığı birləşdirən ilk kulinarımızdır.

Tovuzlular.

Oxunub: 116
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az