Rejissor Hüseyn Mehdiyevin ad günüdür.

 







Azərbaycan Kinematoqrafçılar İttifaqı

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri, rejissor Hüseyn Mehdiyevin ad günüdür.
“Azərbaycanfilm” kinostudiyasında bir sıra sənədli və bədii filmlərin quruluşçu operatoru kimi kino sənətinə öz dəsti-xəttini gətirən H.Mehdiyevin 1986-ci ildən rejissor kimi çəkdiyi filmlərdə daima fərqlilik nümayiş etdirib.
Onun çəkdiyi filmlər içində “Süd dişinin ağrısı” və “Özgə vaxt” filmləri xüsusilə seçilir. Hər iki film Xalq şairi, ssenarist Ramiz Rövşənin ssenariləri əsasında çəkilib. 
“Süd dişinin ağrısı” filmində, süd dişi uşaqlığa vida simvolu kimi göstərilir. Ana həsrəti çəkən, valideyn qayğısından ayrı düşmüş iki qardaşın taleyi fonunda uşaqlarla böyüklərin qarşılıqlı əlaqəsi filmdə ana xətti təşkil edir. 
Rejissorun “Süd dişinin ağrısı” filmindən sonra çəkdiyi “Özgə vaxt” filmi 
də sanki eyni ideyaların davamı rolunu oynayıb. Bu filmdə də sevgi, valideyn – övlad münasibətləri iri plandadır. Əsasən insan təbiətinin dəyişməzliyi, şüurun isə dəyişkənliyi ön palana çıxır. 
Rejissor ssenariyə arxlanaraq demək istəyir ki, cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. 
Çox vaxt insanoğlunun mənəvi dəyərləri, təbiətin qoyduğu əsaslarla ziddiyyət təşkil edir ki, bu da harmoniyanın pozulmasına gətirib çıxarır. Sonluq isə, məlumdur, faciə qaçınılmazdır...
Hüseyn müəllim deyir ki, “Rejissor ssenari müəllifinin fikirlərini ifadə edir" fikrində heç bir həqiqət yoxdu: “Ssenari axı tamamlanmış sənət əsəri deyil, o, filmin yaradılması üçün bir materialdı. Adi adamın ssenarini oxumağa hövsələsi çatmaz. Ssenaridə əsas amil dil yox, hadisələr, hərəkət və xarakterlərdi”. Eyni zamanda filmlərində olan hər hansı bir epizodun dəyişməsiylə bağlı fikirlərini diqqətə çəkərək deyir ki, dəyişmişəmsə, bu, yalnız öz istəyimlə olub: “"Özgə vaxt"da belə bir epizod var idi - qocanın özünü də, qızını əziyyətdən qurtarmaq üçün təcili yardımın həkimi növbəti dəfə həmin ünvana çağırış alanda sürücüyə deyir ki, tələsməsin! Amma tibb bacısının heyrətə gəldiyini görüb fikrini dəyişir. Ünvana çatanda tibb bacısına ölümcül iynə vurmağı işarə edir. Qocanın qızı da bunu başa düşür, ən son anda özünü saxlaya bilməyib tibb bacısını iynəni vurmağa qoymur. Bu epizodu yalnız ona görə ixtisar etdim ki, zəif alınmışdı. Müəllimim, rəhmətlik Rasim Ocaqov demişdi ki, bu epizodun psixoloji ağırlığı çoxdu, amma çox qəddar epizoddur. Mən bu epizodu ona görə çıxartdım ki, ondan istədiyimi ala bilməmişdim”. 
Rejissorluq sənətinə ürəkdən bağlı olan, sənətdə özünü nəyəsə məcbur etməyən və buna görə də özünü xoşbəxt rejissor sayan Hüseyn Mehdiyevi doğulduğu bu gözəl gün münasibətilə təbrik edir, sağlam  və uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Oxunub: 276
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az