Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Dövlət başçısı nitqində bildirib: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq”.
Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçidir. O, yaranan qlobal çağırışları və ölkənin potensialını nəzərə almaqla daim yeni paradiqmalar müəyyənləşdirir, qarşıya strateji vəzifələr qoyur və hədəflərə çatmaq üçün zəruri tədbirlər görülməsini təmin edir. Azərbaycan məhz bu yolla özünün inamlı inkişafını təmin edir. İlham Əliyev ilk dəfə 2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Prezidenti seçilib. O, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə xalqı əmin etmişdi ki, qarşıda duran bütün vəzifələri icra etməyə, Ona bəslənən yüksək etimadı doğrultmağa çalışacaq. Aradan 20 il ötüb. Bu illər uğurlarla, qələbələrlə dolu illər olub.
Prezident İlham Əliyev cari il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində ölkəmizin hər bir azərbaycanlıda sonsuz qürur və məmnunluq doğuran hazırkı mənzərəsinə diqqət çəkib. Ötən 20 ildə dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi ilə geniş əhatə dairəsinə malik olan islahatlar reallaşdırılıb, ölkədə iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Bu illər ərzində transmilli şirkətlərlə imzalanan müqavilələr üzrə ölkəmizə gələn gəlirlərin müəyyən bir hissəsi məqsədyönlü şəkildə sosial və iqtisadi önəm daşıyan infrastruktur layihələrinin icrasına, qeyri-neft sektorunun inkişafına yönəldilib. Respublikamızda sahibkarlıq mühiti davamlı olaraq optimallaşdırılıb, yerli istehsal və ixrac təşviq edilib. Bütün bunların nəticəsində də milli iqtisadiyyatımız dinamik şəkildə inkişaf edib. Sevindirici haldır ki, hazırda Azərbaycan dünya üzrə iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin edən azsaylı ölkələr sırasında yer alır. İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin milli maraqlar əsasında müstəqil siyasi kurs həyata keçirməsinə zəmin yaradıb. Bu gün Azərbaycan heç bir güc mərkəzindən asılı deyil, heç kim ölkəmizlə diktat dili ilə danışa bilməz və danışmır da.
İlham Əliyev bu vədinə də sadiq qalaraq Ulu Öndərin əsasını qoyduğu siyasəti irəli apardı və dövrün dəyişən çağırışlarını nəzərə almaqla onu daha da zənginləşdirdi. Uğurlarımızın təməlində dayanan əsas amil də məhz budur.
İndi isə müstəqil Azərbaycan üçün yeni dövr başlayır. Prezident İlham Əliyevin son andiçmə mərasimində bildirdiyi kimi, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. “Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub”, - deyə dövlətimizi başçısı vurğulayıb.
Elman Bədəlov-Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi
Oxunub: 87