- “Ay camaat, bu adam ermənidi” - deyib camaatı yığır başına.




Arzu İsmayılova yazır:
- Bəli, bu şəklin üstündə yazılan situasiya gülməli görünsə də, son günlər erməni generallarının ardıcıl həbsindən təsirlənib bu sualı həqiqətən verən insanlar var. Mənə də şəxsidə bu sual verilib. Məlik Dadaşov bu obrazı o qədər gözəl oynayıb ki, bəzən mənə elə gəlir ki, bu obraz olmasaydı l Qarabağ savaşında ermənilərin bizə qarşı törətdiyi cinayətləri təsəvvürümə sığışdıra bilməzdim. Ermənilərin nə qədər qəddar, nə qədər qaniçən və amansız olmasının güzgüsü olmuşdu Armen Xaçaturyan obrazı... Xüsusən də bizim rayonları işğal etdiklərini elan edəndə necə içdən sevindiyini görəndə çox qorxurdum. Müharibənin dəhşətini və düşmənin nə qədər mundar və məkrli olduğunu hiss etdirmişdi Məlik Dadaşov bu obrazla.
Yəqin ki, bu obrazla bağlı sizin də öz təəssüratımız var. Yaza bilərsiniz şərhdə.
Mən isə onun tutulmasını gözləyənlərə bu hekayəni paylaşmaq istədim:
Hələ 1974-cü ildə Azərbaycan SSRİ-nin xalq artisti  olan Məlik Dadaşov (1924-1996) "Fəryad" filmi ekran üzü görəndən sonra insanların ondan qorxduğunu, ona nifrət etdiyini özü də hiss edir.
Bir dəfə instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır:
- “Ay camaat, bu adam ermənidi” - deyib camaatı yığır başına. 
Bu zaman bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. 
Qadın isə dediyinin üstündə təkid edirdi: 
- “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”. 
Axırda aktyor əsgərə deyir:
- “Bala mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə filmdə erməni obrazını yaratdığım üçün qadın məni səhv salıb”.
O bu obrazı o qədər güclü yaratmışdı ki, “Fəryad” filmindən sonra erməni diasporu Məlik Dadaşova “Ermənistanın xalq qəhrəmanı” adını vermişdi. Aktyor isə Azərbaycan efirinə çıxaraq bəyan etmişdi ki, o, bu titulu qəbul etmir. 
Bu hadisədən sonra Məlik Dadaşov özünü çox pis hiss edir. Bu obrazı yaratdığı üçün peşmançılıq çəkir. Deyir:
- “Axı mən demişdim bu rolu oynamamalıyam. Bununla bütün xalqın sevgisini itirə bilərəm”.
 Fəryad filmində bir səhnə var - Xaçaturyan üzünü yuya-yuya erməni mahnısı oxuyur. Bu mahnını Məlik Dadaşov uşaqlıqda məhəllələrində yaşayan ermənilərdən eşitmişdi. 
Həmin mahnının filmə salınması da onun öz ideyası idi. Bu səhnə kinoteatrda göstəriləndə M.Dadaşovun qızı Gülnarə xanımın arxasında əyləşən qadın qeyri-ixtiyarı “zəhrimar canına, zəhər canına” - deyib hirslənir. Gülnarə arxaya çevrilib qadına, sonra atasına baxır. Atası isə ona əli ilə “əla” işarəsini göstərir. 
Film başa çatandan sonra təəccüblə atasına deyir:
- “Ata, sən necə də alçaq bir insan obrazı yaratmısan”. 
Qızı doğrudan da təəccüblənmişdi ki, onun gözəl atası necə birdən-birə necə əclaf insana çevrilə bilib, bu rolu necə yarada bilib?!
Məlik Dadaşov isə qızına belə cavab verir: 
-“Əgər zalda belə reaksiya göstərirlərsə, əgər mənim öz doğma qızım mənə belə söz deyirsə, deməli, bu rolun öhdəsindən gələ bilmişəm”. (c)
Haqlıdır. Əgər bu gün də onu real separatçı erməni kimi yadda saxlayıb həbs olunacağını gözləyənlər varsa, demək ki, bu obraz ölməyib və ölməyəcək. Məlik Dadaşov beynimizdə düşmənimizin kod adını yazıb sanki...
Allah rəhmət eləsin.

Oxunub: 143
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az