Simpozium çərçivəsində xaricdən gələn azərbaycanlı təbiblər tibb müəssisələrinin fəaliyyətləri ilə tanış olacaqlar
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda iştirak üçün xaricdən gələn azərbaycanlı həkimlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin fəaliyyətləri ilə tanış olacaqlar.
İyunun 19-da xaricdən gələn azərbaycanlı həkimlərin iştirakı ilə Bakı, Sumqayıt, Lənkəran və Qubada yerləşən TƏBİB-in tabeli tibb müəssisələrinə səfərlər təşkil olunacaq. Səfərlər çərçivəsində tibb müəssisələri ilə tanışlıq, qarşılıqlı təcrübə mübadiləsi nəzərdə tutulub.
Qonaqlara tibb müəssisələrinin fəaliyyətləri, vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı məlumatlar veriləcək.
Xaricdən gələn azərbaycanlı təbiblər tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasında “Cərrahiyyədə dünya təcrübəsi”, “Tibdə multidisiplinar yanaşmalar”, “Ana və uşaq sağlamlığına strateji yanaşma”, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “Cərrahiyyə və invaziv kardiologiya”, “Daxili xəstəliklərin müalicəsində yeni yanaşmalar”, Sumqayıt Tibb Mərkəzində “Cərrahiyyədə multidisiplinar yanaşmalar”, “Oftalmologiyada yeniliklər”, Kliniki Tibbi Mərkəzdə “Üz-çənə cərrahiyyəsində müasir müalicə metodları”, “Kardiocərrahiyyədə müasir müalicə metodları”, Yeni Klinikada “Neyrocərrahiyyə sahəsində təcrübə mübadiləsi”, “Ginekologiya: müasir dövrün aktual mövzuları” və s. mövzularda yerli həkimlərlə birgə diskussiyalar baş tutacaq.
Qeyd edək ki, TƏBİB-in təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumununun açılış mərasimi Tibb İşçilərinin Peşə Bayramı Günündə - 17 iyun tarixində Heydər Əliyev Mərkəzində baş tutacaq. Simpozium 17-22 iyun tarixlərini əhatə edəcək.
Oxunub: 147