Vətəndaşları incitməyək, onların yanında olaq!




20 Yanvar şəhid ailələrinin Hűquqlarının Təmin Olunması İB-nın rəhbər heyətini qəbul edib dinlədim. Onların qaldırdığı və mənim aşağıda qeyd etdiyim məsələ tam onların hüququdur və təəssüf edirəm ki, 2008-ci ildə verilən Prezident fərmanı bu günə qədər icra edilməyib. 
Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev 31 mart 1998-ci ildə "20 yanvar şəhidi" fəxri adının verilməsi haqqında fərman verib. 29 dekabr 1998-ci ildə "20 yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə Prezident fərmanı ilə təsdiq edilib. Fərmanda qeyd edilir ki, fəxri adın verilməsi haqqında vəsatət Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən qaldırılır. 
Görüş zamanı mənə deyildiyinə görə müvafiq nazirliyin rəhbəri ilə görüş keçirilib və o da vəsatət qaldırıb. Əsasnamədə göstərilir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi sənədləri toplayıb Prezidentə təqdim edir. Mənə belə gəlir ki, bu məsələ ilə bağlı Nazirlər kabineti də nələrsə edə bilər. Müəyyən araşdırmalar aparırdım və sonunda məktub hazırdır və elə bu gün müvafiq yerlərə ünvanlayacam. 
Bu məsələdən başqa da xeyli narazılıqları və şikayətləri dinlədim. Amma, bu məsələni digərlərinə qatmaq istəmirəm. Lakin, əminəm ki, "20 yanvar şəhidləri" ailələrinin üzvlərini və onların hüquqlarını müdafiə edən təşkilatın rəhbər heyətini dəvət edib dinləmək və problemlərinə əlac etmək vacibdir.
Bütün şəhidlərimizə rəhmət diləyirəm! Bütün şəhidlər əzizdir, şəhidin köhnəsi və təzəsi olmur, qazinin köhnəsi və təzəsi olmur, şəhid ailəsinin də köhnə və təzəsi olmur. Problemləri tez-tez, cəld, imkan daxilində operativ həll edək ki, onilliklər boyu üst-üstə yığılıb qalmasın. 
Çox təəssüf edirəm ki, onlarla Prezident fərman və sərancamları bu günə qədər yerinə yetirilməmiş qalmaqdadır.
Vətəndaşları incitməyək, onların yanında olaq!

Oxunub: 295
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az