Ümumdünya Səhiyyə Təşkilatı Şamaxı rayonunda “PROACT-Qayğı” layihəsinə başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı Şamaxı rayonunda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi məqsədilə “PROACT-Qayğı” layihəsinə başlayıb.
“PROACT-Qayğı” layihəsinin əsas tərəfdaşlarının iştirakı ilə Şamaxı rayonunda layihənin icrasına başlanılması ilə bağlı açılış tədbiri keçirilib. Layihə COVID-19 kontekstində vacib səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək kəsintilərin qarşısını almaq məqsədilə rayonda ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Həmçinin, layihə Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur ki, bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər.
Tədbirdə rayonun səhiyyə sistemi ilə bağlı məlumatları daha etibarlı və əlçatan olması məqsədilə RİH tərəfindən hazırlanmış geoanalitik sistemin təqdimatı da keçirilib.
Ümumdünya Səhiyyə Təşkilatın Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Böyük Britaniyanın Ukaid, Rumıniyanın RoAid təşkilatları və Universal Səhiyyə Əhatəsi Təşəbbüsü (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir. ÜST-nin Azərbaycandakı Nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu, UNICEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir.