Ölmək istəyirəm səssiz səmirsiz,



Zaman Piriyev.


Ölmək istəyirəm səssiz səmirsiz,
Adımı axtarıb tapan olmasın.
Küləklər sovursun baxışlarımı,
Gözümdə heç nəyin izi qalmasın.
Əllərim yazmasın olub keçəni,
Uyusun dinməzcə sinəmin üstdə.
Qovub gəncliyimi kəpənək kimi,
Ölmək istəyirəm ən son nəfəsdə.
Narahat ömrümün acı dilindən,
Əriyib itmişəm gecə şam kimi.
Qurtarıb canımı dərdin əlindən,
Ölmək istəyirəm lap adam kimi.
Geyə bilmirəmsə biçilmiş donu,
Sıxırsa qəlbimi darı dünyanın,
O məni sevmədi, nə də mən onu,
Payıma düşmədi barı dünyanın.
Qoymadı yolunun üstünə məni, 
Əlimdən tutmadı düşən çağımda.
Almasın qolunun üstünə məni,
Ölmək istəyirəm öz qucağımda.
Bu ucsuz-bucaqsız yerin üzündə,
Ölməyə bir qarış yer axtarıram.
Bir qərib yolçu tək çölün düzündə,
Bəlkə də bir tanış yer axtarıram.
Qalmayıb ölümün ucuzu daha,
Altında qızıldan taxt ola gərək.
Yaşamaq çətindir, ölmək çox baha,
Adamda bir azca baxt ola gərək.

Oxunub: 160
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az