"İLİN GƏNC MÜƏLLİMİ - 2022"- Vasif Şıxıyev.
“İLİN GƏNC MÜƏLLİMİ – 2022” Şıxıyev Vasif Vaqif oğlu 17 sentyabr 1988-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Orta təhsilini Şamaxı şəhər 5 nömrəli tam orta məktəbdə (indiki Şamaxı Avropa Liseyi) almışdır. Sumqayıt Dövlət Universitetinin “Tarix” fakültəsinin bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycanın qədim və orta əsrlər tarixi” ixtisasının isə magistratura pilləsini bitirmişdir. 2010-cu ildən Şamaxı şəhər 10 saylı tam orta məktəbdə şagirdlərə “TARİX” fənnini tədris edir. Həmçinin, 2012-2019-cu illər aralığında ikinci iş yeri olaraq Şamaxı Avropa Liseyində də çalışmışdır. Vasif müəllim pedaqoq olaraq çalışdığı müddətdə fəaliyyəti təkcə sinif auditoriyası ilə məhdudlaşmayıb. İstər rayon daxilində, istərsə də respublikada keçirilən müxtəlif layihə, olimpiada, qrant, treninq və konfransların iştirakçısı və qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun V (“De-FAKTO intellekt” layihəsi ilə) və VIII QRANT (“Gənc nəsil – Yeni intellekt” layihəsi ilə) müsabiqələrinin qalibi olmuşdur. Həmçinin, Təhsil Nazirliyi, UNİSER EDUCATİON və digər əlaqədar qurumların təşkil etdikləri “Polad Həşimov adına ZƏFƏR” olimpiadasında (noyabr, 2021-ci il) “TARİX” fənn müəllimləri arasında respublika birincisi olmuşdur. 12 iyul 2018-ci ildə isə Ceyhun Bayramovun rəhbərliyi ilə keçirilən “Respublika Pedaqoji mühazirələri”nin qalibi olmuşdur. Ayrı-ayrı vaxtlarda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının keçirdiyi “İlin peşəkar gənci” və “Gənc həmkarlar ittifaqı lideri” müsabiqələrinin qalibi olmuşdur. “Gənclər arasında azərbaycançılıq dəyərlərinin təbliği və inkişafındakı xidmətləri”nə görə Azərbaycan Respublikası İctimai-Siyasi proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin mükafatına layiq görülmüşdür. Məhz bu və ya digər sahələrdəki fəaliyyəti də Şamaxı Rayon İcra hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi tərəfindən yüksək qiymətləndirilmişdir. “Dövlət Gənclər siyasəti” sahəsində göstərdiyi fəallığa görə (26 may 2014) və “Rayonun təhsil sahəsindəki səmərəli xidmətlərinə görə” (27 fevral 2020) Şamaxı RİH tərəfindən təltif olunmuşdur. Ən son iştirak etdiyi və qalibi olduğu müsabiqə isə “İLİN GƏNC MÜƏLLİMİ - 2022” müsabiqəsi olmuşdur. Bu müsabiqə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, azedu.az təhsil portalı və digər əlaqədar qurumlar tərəfindən keçirilir. Bu müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri, ilham verən fəaliyyətləri ilə şagirdlərə, eləcə də müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır. Beynəlxalq “GLOBAL TEACHER” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi” sorğu-müsabiqəsi 3 turda və bir ilə yaxın müddət ərzində həyata keçirilir. Müsabiqədə həm dövlət, həm də özəl orta təhsil müəssisələrində müəllim işləyən yüzlərlə və minlərlə müəllim iştirak edir. 14 aprel 2023-cü ildə isə müsabiqə qalibləri Milli Məclisdə, Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva tərəfindən şəxsən təntənəli surətdə mükafatlandırılmışdır. Alxas.