Sizsiz inan, yaşamaram, Varlığıma inanmaram,






Elsevər Qəni:

- Bu gün şair dostumuz Namin Musayevin 55 yaşı tamam olur. Biz də şairi təbrik edir, uzun ömür, sağlam can və yaradıcılıq uğurları arzu edirik.
NAMİN MUSAYEV
Musayev Namiq (Namin) Xeyrəddin oğlu 21 mart 1968-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. Şamaxıda Orta Texniki Peşə Məktəbini (OTPM) bitirib. İlk dəfə çap olunur.
DAĞLAR 
Qarış-qarış gəzdim sizi,
Hər cığırı, izi dağlar.
Qoşalaşan qəlbimizi,
Unutmaram sizi dağlar.
Siz varsınız mən də varam,
Sizsiz inan, yaşamaram,
Varlığıma inanmaram,
Ürəyimin sözü dağlar.
Qoynunda gəl bəslə məni,
Xoş günlərə səslə məni,
Hər zaman əzizlə məni,
Xoşbəxt eylə, bizi dağlar.
Qorxum yoxdur dağ selindən,
Küləyindən, həm yelindən,
Zövq alıram əməlindən,
Var olasız sizi dağlar.
Mən borcluyam hər an sizə,
Fərəhiniz bəsti bizə,
Sinənizdə gəzə-gəzə,
Sevdim gülünüzü dağlar.
Kim dönər etibarından,
Doymamışam sularından,
Namin dönsə ilqarından,
Gəzsin dizi-dizi dağlar.
A CEYRAN
Nə qədər məna var baxışlarında,
Əqlimi başımdan aldın, a ceyran,
Gözəldir islansan yaz yağışında,
Qələbə zəfərin çaldın, a ceyran.
Sən yolçusan, mənsə sənin yolunam,
Döyüşsən döyüşdə vuran qolunam,
Buyursan hazıram, qara qulunam,
Keçmişi yadıma saldın, a ceyran.
İndi aç gözünü bir az bax mənə,
Yaraşıqsan dağa, düzə, çəmənə,
Heç boylanıb baxmaginan dünənə,
Nə yaxşı yanımda qaldın, a ceyran.
Əzəldən vurğunam üzündə xala,
Ehtiyac yoxdur ki, tirməyə, şala,
Bəzən də dalıram uzaq xəyala,
Sən heç bir xəyala daldın, a ceyran?
Yazıq Namin sevib sən təki yarı,
Səni qoyub heç sevərmi əğyarı,
Ölsə də unutmaz əhdi-ilqarı,
Qəlbindən silinməz adın, a ceyran.
Mənbə: "İstədim Göyləri siz də duyasız" kitabı.  səh.189.

Oxunub: 122
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az