Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat etmişdir. Sabiq prezident Birinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda işləmişdir. Burada o, quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, zavodun direktoru olmuşdur. 1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olmuşdur. Ayaz Mütəllibov 1963-cü ildə Sovet İttifaqı Komunist Partiyasına üzv qəbul edilmişdir. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunmuşdur. 1982-ci ilin oktyabrında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini —Dövlət Plan Komitəsinin sədri,1985-ci ildən isə Azərbaycan SSRİ Ali Sovetinin sədrinin müavini vəzifələrini tutmuşdur. Ayaz Mütəllibov 1981–1986-cı illərdə Azərbaycan Komunist Partitası Təftiş Komissiyasının üzvü, 1986-cı ildən Mərkəzi Komitənin üzvü olmuşdur.1989-cu ilin yanvarından Azərbaycan SSRİ Nazirlər Sovetinin sədri olmuş, 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra, 1990-cı il may ayının 18-də Azərbaycan SSR Ali Soveti tərəfindən yeni təsis olunmuş Azərbaycan SSR Prezidenti vəzifəsinə seçilmişdir. 1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olmuşdur. 1991-ci ilin avqustunda Moskvada SSRİ prezidenti Mixail Qarbaçova qarşı baş verən Avqust qiyamını dəstəkləyən az sayda respublika rəhbərlərindən biri də Ayaz Mütəllibov idi. Lakin 2016-cı ildə verdiyi müsahibədə Mütəllibov bunu inkar edərək çevrilişi dəstəkləmədiyini deyib. 1991-ci il sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçilməsinə baxmayaraq müxaliflərin təzyiqi nəticəsində Ayaz Mütəllibov Ali Soveti buraxmışdır. Onun yerinə Milli Məclisi təşkil edilmiş, oradakı 50 nəfərlik deputat yerlərinin yarısı müxalifətə verilmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar. Bu faciədən sonra Milli Məclisdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur etmiş, nəticədə 1992-ci il martın 6-da istefa vermişdir. Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Buna baxmayaraq, müxalif cəbhədə duranların təzyiqi altında Ayaz Mütəllibov yeniden istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. O vaxtdan etibarən o, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycan qayıdıb. Azərbaycan Sosial Demokrat Partiyası həm sədri olub. Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat etmişdir. Sabiq prezident Birinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır. Allah rəhmət eləsin! Hazırladı: Həsənxan Manaflı.