Kərim Abbasəli oğlu Kərimov.
Kərim Abbasəli oğlu Kərimov (14 noyabr 1917, Bakı – 29 mart 2003, Moskva) — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991). Sovet kosmik proqramının banilərindən biri 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu almışdır. Onun bəzi ideyaları hərbi mühəndisləri maraqlandırmışdır. Artıq bu dövrdə İkinci dünya müharibəsi gedirdi. Radiomühəndislərə cəbhələrdə böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat vermişlər. Maraqlıdır ki, bilikləri yoxlanıldıqdan sonra Kərim Kərimov birbaşa akademiyanın V kursuna daxil olmuşdur. Beləliklə o, 1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdırmışdır. O, "Katyuşa" adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdır. Qvardiya minaatan hissələrinin tərkibində olan bu qurğular Sovet İttifaqının ən güclü silahı kimi məxfilikdə saxlanılırdı. Gənc mütəxəssis Qvardiya minaatan hissələri Baş İdarəsinin müvəkkili kimi BM-13 qurğusu üçün mərmilərin zavodlarda istehsalına nəzarət etmək tapşırığı almışdı. Öz işinə can yandıran Kərim Kərimov daim silahın təkmilləşdirilməsi barəsində düşünürdü və bu istiqamətdə bir neçə dəyərli təklif də irəli sürmüşdü. Məhz həmin vaxtdan Kərim Kərimov həyatını raket texnikası ilə bağlamışdır. Ömrünün sonunadək o, raket texnikasının yaradılması və inkişafı naminə var gücü ilə çalışmış, zehni və fiziki qüvvəsini əsirgəməmişdir. Zavodlarda işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə vermişdir. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olmuşdur. 1946-cı ildən başlayaraq o, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparmışdır. Onun araşdırmaları nəticəsində yaradılan raketlərin daxili parametrlərinə nəzarət edən "Don" radioölçmə sisteminin elmi-texniki göstəriciləri sonradan kosmik sənayedə tətbiq olunmağa başlanmışdır. Bu nailiyyətinə görə Kərim Kərimov 1950-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Baykonur kosmodromunun əsası qoyulan gündən o, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdir. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmamışdır. Nəticədə ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdur. 1945-ci ildə böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin ildə o, Ümumi Maşınqayırma Nazirliyinə ezam olunmuşdur.