Şahməmməd Dağlaroğlu.








Həyatdan - ağrı-acıdan və sevgidən “BU QƏDƏR”...
BU QƏDƏR
Çox ilə çoxdandır dəyibdir aram,
Az adam meyl edər aza bu qədər.
Kimə can söylədim, dərdinə yaram,
Nədən sevdi məni qəza bu qədər?
Çevrildim quluna bir günahımdan,
Bir gün ahım gecə, bir gün ahım dan.
Yarım, varsa əgər bir günahım, dan,
Rəva bilmə çəkim cəza bu qədər.
Yandıqca qurular, yaş da qalmadı,
Yaş üstə yaş gəldi, yaş da qalmadı.
Ağladım, gözümdə yaş da qalmadı -
Yağış saxlamazdı fəza bu qədər.
Dinləsən, min sehir vardır azanda,
İnsan şərə uyar, yolun azanda.
Bir göz qırpımında, qısa, az anda
Hardan tapdı məni əza bu qədər?
Bəxt şumladı, səpdi cana sevgi dən,
Saqqalımda yanaşıdır sevgi, dən.
İnanmıram, bir başqası sevgidən,
Danışa bu qədər, yaza bu qədər.
Böyük fərəh bəxş eləyər az almaz,
Tanrı sənə verdiyindən az almaz,
Yara eşqim, gülə meylim azalmaz,
Qışda can atanda yaza bu qədər.
Dağlaroğlu, ötə həftə, ay gözəl,
Gecə yarı, göy ulduzlu, Ay gözəl!
Cəlladmısan, qəsdin nədir, ay gözəl,
Kim səni öyrətdi naza bu qədər?
                         12 mart 2021-ci il









Oxunub: 314
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az