Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30-cu ildönümü ilə əlaqədar YAP Mərkəzi Aparatı tərəfindən jurnalistlər arasında fərdi yazı müsabiqəsinin elan olunması, ictimaiyyətin maraqla qarşılaması səbəbsiz deyildi.
Jurnalistlərin Yeni Azərbaycan Partiyasının yaranması, cəmiyyətin bu avanqard siyasi təşkilatının keçdiyi siyasi və ideoloji yol haqqında araşdırmalara həvəsləndirilməsi gərəkli tədbir idi. Qələm sahiblərinin öz yazısında mövzunu obyektiv və qərəzsiz işıqlandırılması geniş oxucu auditoriyasında YAP-ın yarandığı vaxtdan Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə necə çevrildiyi haqda aydın təsəvvür yaranmasında və onlara bu haqda dolğun məlumatlar ötürülməsində kifayət qədər faydalı olması şübhə doğurmurdu. Əlbəttə ki, Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələn Yeni Azərbaycan Partiyasının ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə yeni mərhələnin başlanmasını təmin etdiyi hər bir ölkə vətəndaşına məlumdur.
Fərdi yazı müsabiqəsi haqda elanda da qeyd olunurdu ki, Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü ilə əlaqədar bu müsabiqənin keçirilməsinin məqsədi Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin müasir çağırışlara və milli maraqlara əsaslanan siyasətinin, qalib xalqın Zəfər partiyası olan Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolunun araşdırılması və təbliğ edilməsi, jurnalistlərin yaradıcı əməyinin qiymətləndirilməsidir.
Yazıların qiymətləndirməsi üçün əsaslı və obyektiv meyarların olması da müsabiqənin maraqlı olacağından xəbər verirdi:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq dərəcəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
-Bu səbəbdən də noyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30-cu ildönümü ilə əlaqədar YAP Mərkəzi Aparatı tərəfindən jurnalistlər arasında elan olunan fərdi yazı müsabiqəsinin nəticələrinə həsr edilmiş tədbir ictimaiyyətimiz tərəfindən maraqla qarşılandı.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov noyabr ayının əlamətdar hadisələrlə zəngin olduğunu bildirərək qeyd etdi ki, 1992-ci il 21 noyabrda Yeni Azərbaycan Partiyasının yaradılması çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən əlamətdar hadisələrindəndir.
YAP Sədrinin müavini, həmçinin xüsusi vurğuladı ki, Prezident İlham Əliyevin 2003-cü ildə dövlətimizin başçısı, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsindən sonra Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində tarixi Zəfər əldə olundu. Bu gün qalib xalqın nümayəndələri olaraq hər birimiz fəxarət hissi keçiririk.
Tahir Budaqov fərdi yazı müsabiqəsinin önəmindən bəhs edərkən bildirdi ki, təqdim olunmuş məqalələrdə müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol, ulu öndər Heydər Əliyevin tarixi missiyası və xalqımız qarşısındakı misilsiz xidmətləri, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, partiyamızın inkişaf yolu geniş əks olunub. Qərəzsiz mövqe ortaya qoymaq hər bir vətəndaş kimi jurnalistlərin də borcudur. Bu, dövlətçilik qarşısında xidmətin bir nümunəsidir. Mətbuat dünyada “dördüncü hakimiyyət” hesab olunur. Çünki ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin mühüm rolu var. Ona görə də mətbuatın fəaliyyətində milli maraqlar daim öndə olmalıdır.
Müsabiqənin yekunları YAP Şamaxı rayon təşkilatı üçün də sevindirici oldu. Təşkilatımızın üzvü, "Şirvan" qəzetinin baş redaktoru, "Tərəqqi" medallı jurnalistimiz Könül Məmmədova bu yarışda mükafata layiq görüldü.
Təşkilatımız adından Könül xanımı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
Oxunub: 179