02 Noyabr 2022-ci il tarixində, Şamaxı şəhər M.K.Veysov adına 6 saylı tam orta məktəbin akt zalında, 8 Noyabr- Zəfər Günü münasibət ilə Şamaxı Rayon Gənclər və İdman idarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Zəfərin mübarək, Vətən!” mövzusunda konfrans keçirildi.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edildi. Sonra isə İrəli İctimai Birliyinin təşəbbüsü ilə hazırlanan "Müzəffər Əsgərimiz" adlı qısametrajlı filimlər silsiləsindən Şəhid-Orxan Lətiflinin xatirələrinə həsr olunmuş filim nümayiş olundu.
Tədbirdə çıxış edən Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi-Şahmar Hüseynov 44 günlük Vətən müharibəsi dövründə könüllü olaraq Vətənə xidmət etmək üçün müraciət edən Azərbaycan gənclərindən bəhs edərək bildirdi ki, gənclərin vətənpərvər ruhda yetişdirilməsi də məhz Müzəffər Ali Baş Komandanın doğru istiqamətlənmiş daxili siyasətinin nəticəsidir. Ş.Hüseynov qeyd etdi ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Məruzəçi onu da vurğuladı ki, ölkəmizdə müasir ordu quruculuğunun əsası gələn il 100 illiyini qeyd edəcəyimiz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəmizi xilas etdi, müstəqil Azərbaycanda peşəkar, nizam-intizamlı, vahid komandanlıqdan idarə olunan Silahlı Qüvvələrin formalaşdırılmasına şərait yaratdı, qısa müddətdə güclü ordu yaradıldı.
Növbəti çıxışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi-kapitan Cavid Dadaşov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağı altından azad olunduğu 44 günlük Vətən müharibəsində gənclərin ordu sıralarına səfərbər olmasında SHXÇDX-nin fəaliyyətini xüsusi vurğuladı.
Çıxışlarda tarixi Zəfərimizin mahiyyəti geniş təhlil edilərək məktəblilərə bu estafeti şərəf və rəşadətlə davam etdirmələri tövsiyə olundu.
Tədbirin sonunda Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin şagirdləri Zəfər Gününə həsr olunmuş şeir kompozisiyası təqdim etdilər.
Oxunub: 157