Bu gün Vətən Müharibəsində qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz mayor Rahib Babayevin doğum günüdür...
Rahib Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Ailəli idi. Üç övladı yadigar qaldı.
Rahib Babayev orta məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. İlk iş yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi "N" saylı hərbi hissə və ilk komandiri isə Polad Həşimov olmuşdur.
Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. "Canavar" postunun alınmasında iştirak etmiş və sentyabrın 30-da şəhid olmuşdur. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Oxunub: 290