Ağdamda V Beynəlxalq “Həmzə Nigari” Simpoziumuna start verilib.






Ağdamda V Beynəlxalq “Həmzə Nigari” Simpoziumuna start verilib
Ağdamda V Beynəlxalq “Həmzə Nigari” Simpoziumuna start verilib. Simpozium Ağdamın Quzanlı qəsəbəsində yerləşən Muğam mərkəzində keçirilib.
Simpoziumda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Qənirə Paşayeva və nümayəndə heyəti, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, yerli və xarici qonaqlar, icimaiyyət nümayəndələri iştirak ediblər.
V Beynəlxalq “Həmzə Nigari” Simpoziumu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Türkiyə Cümhuriyyəti Amasiya Universitetinin təşkilatçılığı ilə baş tutub. Üç gün davam edəcək simpoziumun keçirilməsində əsas məqsəd Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, keçmişdən günümüzə gələn perspektivlər üzərindən Türk və İslam dünyası araşdırmalarını dəyərləndirməkdir.
Simpoziumda Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Paşa Quliyevin “Laçın” şikəstəsi səsləndirilib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında milli rəqslər, Həmzə Nigari şeirlərindən ibarət qiraət, Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının ifasında milli musiqilər, Amasiya şəhərinin mədəniyyət müdiri Osman Akbaşdan Həmzə Nigari ilahiləri, İran Aşıqlar Birliyi üzvlərinin Qarabağa həsr olunan musiqiləri, Qazax rayonu Aslanbəyli kəndindən meyxana qrupu və digər maraqlı proqramlar nümayiş olunub.
Eyni zamanda, Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən bir çox alim və tədqiqatçılar məruzə ilə çıxış ediblər.

Oxunub: 352
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az