Salam olsun Sizə Yaqub müəllim.






Salam olsun Sizə Yaqub müəllim.
Məmmədov Yaqub Əkbər oğlu 18 aprel 1946-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur.1961-1973-cü ilədək müxtəlif respublikadaxili və beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etmişdir. Bu illər ərzində 80-dən çox beynəlxalq görüş keçirmiş və bunların 69-da qalib gəlmişdir. Göstərilən müddət ərzində dəfələrlə Azərbaycan çempionu, SSRİ birinciliyinin qalibi, SSRİ çempionatının mükafatçısı, beynəlxalq yarışların qalibi və mükafatçısı olmuşdur.1969-1971-ci illərdə SSRİ yığma komandasının tərkibində Çexoslovakiya, İran və ABŞ-də keçirilən beynəlxalq yarışların qalibi və mükafatçısı olmuşdur.
         1970-ci ildə Dağıstan Muxtar Respublikasının Mahaçkala şəhərində keçirilən SSRİ çempionatında ilk dəfə olaraq beş qat dünya çempionu Dağıstanlı Əli Əliyevi məğlub etmişdir.
        1966-cı ildən 1971-ci ilədək SSRİ-nin gənclərdən və yaşlılardan ibarət yığma komandasının üzvü olmuşdur.1970-ci ildə SSRİ-nin beynəlxalq dərəcəli idman ustası fəxri adını almışdır.1966-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olmuş, 1971-ci ildə bu ali təhsil ocağını bitirmişdir. 1967-ci ildən əmək fəaliyyətinə başlamışdır. 1974-cü il mart ayının 4-dən Respublika Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi kimi işə başlamışdır. 1974-cü ildən başlayaraq Yaqub Məmmədov Respublikanın yığma komandasının əsas aparıcı məşqçilərindən biri olmuşdur.
1975-ci ildə Ukraniyanın Kiyev şəhərində keçirilmiş SSRİ xalqlarının VI Spartakiyadası yarışlarında sərbəst güləş üzrə Azərbaycan millisi 2-ci yer qazanmışdır.
1975-ci ildən 1988-ci ilədək Respublikanın gənclərdən ibarət yığma komandasına rəhbərlik etmiş, 1984-cü ildə məktəblilərin Ümumittifaq Spartakiyadasında  qazanılmış yüksək nəaliyyətlərə görə Yaqub Məmmədov Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.1986-cı ildən keçmiş SSRİ-nin Ali dərəcəli məşqçisidir və elə həmin il “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adını almışdır.
41 illik məşqçilik fəaliyyəti dövründə Yaqub Məmmədovun rəhbərliyi altında respublikamızın idmançıları ən mötəbər yarışlarda 150-dən çox qızıl, gümüş və bürünc mükafatlar qazanmışdır.1993-cü ildən başlayaraq müstəqil Azərbaycan Respublikasını təmsil edən sərbəst güləş üzrə respublika yığma komandasının üzvləri Yaqub Məmmədovun rəhbərliyi altında yeniyetmələr, gənclər və yaşlılar arasında keçirilən Avropa, dünya çempionatlarından, Olimpiya Oyunlarından eləcədə Ümümdünya Universiyadasında  81 medal qazanmışdır.Yüksək nəaliyyət qazanmış idmançılardan 3 qat Avropa çempionu, 6 qat dünya çempionatının mükafatçısı, 1996-cı ildə Atlanta Olimpiya Oyunlarının Gümüş mükafatçısı, 2000-ci ildə Sidney Olimpiya Oyunlarının çempionu Namiq Abdullayevi, Avropa çempionu Nazim Əlicanovu, ikiqat Avropa çempionatının mükafatçısı Elman Əsgərovu, dünya çempionu Arif Abdullayevi, Dünya və Avropa çempionu Mariya Stadniki, Avropa çempionu Yuliya Ratkeviçi və digərlərini qeyd etmək olar.2000-ci ildə XXVII Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə görə Respublika Prezidenti Ulu Öndər Cənab Heydər Əliyevin Sərancamı ilə Yaqub Məmmədov “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 2000-ci ildə FİLA-nın İtaliyanın Roma şəhərində keçirilən beynəlxalq kursunu bitirib ali kateqoriyalı beynəlxalq dərəcəli məşqçi diplomunu almışdır. 2003-cü ildə Azərbaycanda ilin məşqçisi adını layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə 2006-cı ilin may ayının 15-dən prezident təqaüdçüsüdür.
 Azərbaycan Respublikası Prezidenti tərəfindən 2018-ci ildə imzalanmış Sərəncama əsasən Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi” və “İdman Xadimi” fəxri adını layiq görülmüşdür. Yaqub Məmmədov idman fəaliyyəti və məşqçilik fəaliyyəti dövründə dünyanın 60-dan çox ölkəsində səfərdə olmuşdur.
   Hal-hazırda Yaqub Məmmədov Azərbaycan Güləş Federasiyasında idman şöbəsinin rəisi vəzifəsində çalışır.

Oxunub: 385
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az