“Oxu Günü-8” keçiriləcək
23-24 aprel tarixlərində Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı Şəmil Sadiqin ideya müəllifi olduğu “Oxu Günü-8” sərgi-festivalı keçiriləcək.
festivalın təşkilatçıları Abşeron rayon İcra Hakimiyyəti, “Hədəf Nəşrləri”, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyidir.
Festival Azərbaycan Respublikası təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla keçirilir.
“Gəlin birgə oxuyaq!” şüarı ilə keçirilən sərgi-festivalda otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, yazıçılar, şairlər, ziyalılar, incəsənət nümayəndələri, uşaq inkişaf mərkəzləri iştirak edəcək.
Tədbirin proqramı aşağıdakı kimidir:
- “Gəlin birgə oxuyaq” fləşmobuna qatılıb minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyəcanı yaşamaq;
- sosial şəbəkə hesablarında oxuduqları kitabla birlikdə şəkillərini #gelinbirgeoxuyaq haştaqı ilə paylaşaraq “Oxu Günü”nün mütaliə ulduzları siyahısına düşmək;
- “Gəlin birgə oxuyaq” şüarı ilə əllərində kitabla çağırış edərək video çəkib sosial şəbəkə hesablarında paylaşmaq;
- tanınmış yazıçılar, elm adamları, ictimaiyyət nümayəndələri ilə görüş;
- oxuduğu kitabı özü ilə gətirib, imzalayıb seçdiyiniz iştirakçıya hədiyyə etmək;
- “Kitabını dəyiş” aksiya masasında kitabları dəyişmək, oxuduqlarını oxumayanlarla paylaşmaq;
- məxsusi qurulmuş səhnədə iştirakçılara öz istedadını nümayiş etdirmək;
- “Face-art” vasitəsilə məşhur yazıçıların simasına bürünmək;
- seçilmiş kitabları alaraq rəssamdan öz karikaturanı əldə etmək;
- balaca oxucuların hədəf atışı edərək kitab hədiyyə qazanması;
- balaca oxucular üçün mütaliə və nağıl saatları;
- şahmat həvəskarlarının oyunda qalib gələrək kitab hədiyyəsi alması;
Qeyd edək ki, sərgi-festivalın baş sponsoru “Hedef Group”dur.
Tədbirin informasiya dəstəkçiləri AzTV, “525-ci qəzet”, “Senet.az” və “Azedu.az” saytları, eləcə də “Ustad” dərgisidir.
Oxunub: 304