İntihar hallarının qarşısının alınması istiqamətində təlimlər keçirilib.







İntihar hallarının qarşısının alınması istiqamətində təlimlər keçirilib
Ciddi sosial problemlərdən biri olan gənclər arasında intihar və intihara cəhd hadisələrinin müəyyənləşdirilməsi, minimuma endirilməsi, qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 28-31 mart tarixlərində silsilə tədbirlər keçirilib. 
İlkin olaraq Bakı şəhəri üzrə gənclər arasında ən çox intihar faktları qeydə alınmış Abşeron, Binəqədi, Xətai, Yasamal, Sabunçu, Nərimanov, Xəzər, Nəsimi, Qaradağ və Suraxanı rayonlarında “LOQOS” Psixoloji və Nitq Mərkəzinin peşəkar psixoloqları tərəfindən təlimlər baş tutub. Müvafiq rayonlar üzrə təhsil müəssisələri, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzində keçirilmiş təlimlər zamanı tərəfdaş təşkilat nümayəndələri və gənclər iştirak ediblər. Təlimlərdə iştirak edənlər təşkilatların bu cür hallara qarşı mübarizə aparması istiqamətində gördükləri işlərdən danışıb. Psixoloqlar gənclər arasında intihar hallarının yaranmasının səbəbləri, intiharın əlamətləri, buna qarşı mübarizə üsulları haqqında maarifləndirici məlumatlar verib, gənclərin sualları cavablandırılıb. 
Bakı şəhərində baş tutan təlimlərdən sonra ölkə ərazisində intihar hadisələrinin yüksək statistikası ilə seçilən Sumqayıt, Gəncə, Qusar, Astara və Quba şəhərlərində də maarifləndirmə işləri davam edəcəkdir. 

Oxunub: 348
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az