Bu gün Xətai Sənət Mərkəzində şəhid Elnur Allahverdizadənin foto-sərgisi keçirilib. Sərgidə özünün çəkdiyi və digər foto-şəkilləri nümayiş etdirilmişdir.
Tədbir Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə 10 dekabr 2021-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində şəhidimizin “25” adlı foto-sərgisi keçirilmişdir.Foto-sərgidə şəhidin 25 yaşına həsr olunmuş 25 street janrında çəkdiyi fotolar nümayiş etdirilmişdir.Tədbir zamanı şəhidimizin valideynləri,media nümayəndələrinin üzvləri,Bakı Slavyan universitetinin prorektoru Xanım Sultanova, Mədəni- kütləvi tədbirlərin təşkili şöbəsinin müdiri Aygün Kərimova, Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatının və Ölkəşünaslıq klubunun üzvləri Abbasova Ləman, Sadıqzadə Muhəmməd-Əli və universitetin əcnəbi tələbələri iştirak ediblər. Sərgi zamanı şəhidimizin valideynləri,Xətai Sərgi Mərkəzinin rəhbəri çıxış ediblər.Şəhid Elnur Allahverdizadənin atası Əli Allahverdizadə ailələrinə göstərilən davamlı dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkür edib.Tədbir zamanı şəhidimizin valideynləri qeyd ediblər ki, Elnur Allahverdizadə BSU-da ali təhsil alarkən vətənpərvər, geniş dünyagörüşlü,müasir düşüncəli, yenilikçi,kreativ bir gənc kimi universitetin müəllim və tələbələrin dərin hörmətini qazanmışdı. Elnur Allahverdizadənin mənalı və şərəfli həyat yolu yetişməkdə olan gənc nəsil üçün layiqli örnək olmuşdur. Tədbirin sonunda şəhidimizin valideynlərinə xatirə şəkili hədiyyə olunmuşdur.
Şəhid Elnur Allahverdizadə 15 may 1995-ci il Sumqayıt şəhərində anadan olmuşdur.Əslən Zəngilan rayonundandır.2016 cı il Baki Slavyan Universitetinin Tərcümə fakültəsini çex dili üzrə bitirmişdir.Elnur Allahverdizadə 2016-2017 ci ildə Müdafiə Nazirliyində həqiqi hərbi xidmət etmişdir.Həqiqi hərbi-xidmətdən geri döndükdən sonra bəzi film və seriallarda rol almışdır.2020-ci ilin sentyabrın 29-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsindən Vətən müharibəsinə yollanmışdır.Azərbaycan Ordusunun əsgəri olan Elnur Allahverdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü topçu olaraq iştirak etmişdir. Ağdamın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Allahverdizadə 7 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.8 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdizadə ölümündən sonra "Vətən uğrunda"medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Allahverdizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə"medalı ilə təltif edildi. Hazırladı Muhəmməd Əli Sadıqzadə.
Oxunub: 476