Hüquq evi
İşçinin işəgötürən tərəfindən seksual qısnamaya məruz qalması
İşəgötürən öz işçilərinə hər zaman işgüzar davranış sərgiləməlidir. Bəzən olur ki, iş yerində müdir və ya işçilər tərəfindən şəxs seksual qısnamaya məruz qalır.Bu hallar daha çox qadınlarla baş verir. Belə olan halda nə etməlisiniz?
Qanunla seksual qısnama – əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, əks cinsə fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış hesab edilir. Məsələn, iş yoldaşınız sizə seksual xarakterli fotoşəkillər göndərirsə siz artıq seksual qısnamanın qurbanına çevrilmisiniz. Əgər vəzifəcə sizdən böyük şəxs sizi davamlı olaraq yeməyə dəvət edirsə, hədiyyələr alırsa, komplimentlər söyləyirsə (bu gün çox gözəlsən, seksual görünürsən və s.) bu da artıq seksual qısnamadır. Seksual qısnama qanunvericiliklə qadağandır. Əmək fəaliyyətində işəgötürən seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməlidir.
Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər. İnzibati Xətalar Məcəlləsində seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə nzərdə tutulub.
Əlavə olaraq işəgötürən seksual qısnamadan zərər çəkmiş işçilərə dəymiş zərəri ödəməlidir. Seksual qısnamaya məruz qalmış işçinin əmək müqaviləsi ərizəsində göstərdiyi gün ləğv olunmalıdır.
Oxunub: 294