Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə deputat ofisinin nümayəndələri Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan yaşayış məntəqələrində şəhid ailələrilə görüşüb








Vətən Müharibəsinin ildönümü ərəfəsində  Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə deputat ofisinin nümayəndələri Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan yaşayış məntəqələrində şəhid ailələrilə görüşüb. Xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil olunan görüşlərdə yerli İcra Hakimiyyətlərinin məsul işçiləri iştirak edib.
Səmimi şəraitdə keçən görüşlərdə xüsusi vurğulanıb ki, 44 günlük Vətən Müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycanın şanlı qələbəsilə başa  çatıb, 30 il ərzində işğala və vandalizmə  məruz qalan torpaqlarımız azad olunub. Dövlət Başçımız və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı ilə yanaşıb. 
Cəbhə bölgəsində yerləşən Goranboy, Ağdam və Tərtər rayonlarının hər zaman dövlətçiliyimizə sədaqəti ilə seçilən sakinləri müharibə dövründə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verib, onlardan bir çoxu şəhidlik zirvəsinə ucalaraq Vətənin müxtəlif orden və medalları ilə təltif edilib. 
Görüşlərdə qeyd olunub ki, ölkə rəhbərliyinin sosial yönümlü dövlət siyasətinə dəstək olaraq Ağalar Vəliyev tərəfindən Vətən Müharibəsində Goranboy rayonundan şəhid olan 24 hərbçi və 2 mülki vətəndaşın, Ağdam rayonundan 52 hərbçi və 1 mülki vətəndaşın, Tərtər rayonundan 3 hərbçinin, bütövlükdə isə 3 rayondan 81 nəfərin dəfn, yas mərasimlərinin və qəbirüstü abidələrinin hazırlanmasının maliyyələşdirilməsi təmin olunub. 
Eyni zamanda, deputatın təşəbbüsü ilə adı çəkilən rayonlardan 4 Milli Qəhrəman, 125 şəhid ailəsinə, 111 müharibə  əlilinə, bütövlükdə bu kateqoriyadan olan 412 nəfərə  maliyyə yardımının, 10-dan çox qazinin isə müalicəsinə, evlərinin təmirinə və digər sosial məsələlərinin həllinə maddi köməkliyin göstərilməsi təşkil edilib. Son iki il ərzində millət vəkili tərəfindən bayram günlərində, eləcə də pandemiya ilə əlaqədar dəfələrlə adı çəkilən rayonların 1000-ə yaxın şəhid, qazi  və aztəminatlı ailəsinə ərzaq bağlamaları göndərilib. 
Görüş zamanı Vətən Müharibəsinin ildönümü ərəfəsində Goranboy, Ağdam və Tərtər rayonlarından 37 şəhidin il mərasimlərinin təşkilinə maddi köməklik göstərilməsi üçün Ağalar Vəliyev tərəfindən göndərilən maliyyə vəsaiti onların ailə üzvlərinə təqdim edilib.

Oxunub: 387
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az