
Qarabağ Əlillərinə Qayğı İB-nin sədri Firidun Məmmədov Qaziləri təbrik etdi:
19 SENTYABR - QAZİLƏR GÜNÜNÜZ MÜBARƏK!
19 sentyabr adi günlərdən biri sayılsa da, qardaş Türkiyə Çümhuriyyətində Qazilər günü kimi qeyd olunur. Elə bu münasibətlə də Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan bütün qaziləri təbrik etdi.
Qazi – Vətən, torpaq, dövlət uğrunda canını fəda etmiş, əzalarını qurban vermiş, bir sözlə yarıcan olmuş hərbçilərə deyilir. Qazi adı şərəfli, həm də məsuliyyətlidir, bu adın yüksəkliyini, təmizliyini qorumaq da qazilərin və hamımızın boynuna düşür.
Qazi adını ilk alanlar elə Qarabağ uğrunda ilk döyüşlərə gedən könüllü özünümüdafiə dəstələrinin sağ qalan yaralı döyüşçüləri oldu. Özgəsinin torpağında gözü olmayan, öz torpağını göz bəbəyi kimi qoruyan vətənpərvər igidlərin bu xidmətlərini danmaq olmaz. Elə müstəqil ordumuzun formalaşması əsasən həmin könüllü dəstələrdən ibarət olub və onlar gələcəyin Şəhidləri və Qaziləri oldular.
Qazi deyərkən gözümüzün önünə hansısa bir əzasını itirmiş hərbi formalı insan gəlir. Onlar döyüşlərə atılarkən bir məqsəd, bir amal, bir istək uğrunda fikirləşirdilər: torpaqlarımızın bir qarışını da düşmənə verməmək, son nəfəsədək yagını məhv etmək, xalqı və dövləti qorumaq, sonunda da Şəhid olmaq...
Şəhidlik zirvəsinə ucalan oğullarımızdan mərdliklərinə, şücaətlərinə görə heç də geri qalmayan bu fədailər Qazi adına layiq görülüb və bu adı fəxrlə daşıyırlar. Təsadüfi deyil ki, tarix boyu türk dövlətlərini təmsil edən böyüklərimiz “Bu vətən bizə şəhidlərimizin və qazilərimizin əmanətidir” demişlər. Yarısı bədən, yarısı vətən canlı şəhidlərimiz olan qazilrəmizin xatırlanmasını, diqqət mərkəzinə gəlməsini və onların həyatında təntənəli bir gün olmasını təmin edən Qazilər gününün Azərbaycanın da təqvimində yer alması bütün döyüşçülər üçün müstəsna əhəmiyyət kəsb edir.
Hesab edirik ki, bütün türk dünyasında eyni gündə Qazilər gününün qeyd olunması xalqımız üçün çox əlamətdar olacaqdır. Təklif edirik ki, Milli Məclisimiz sentyabr ayının 19-nun Qazilər günü kimi təqvimdə qeyd olunmasını təmin etsin.
Qazilik bir şərəfdir. Bu şərəfə layiq olmaq hər bir qazi üçün bayram təntənəsidir. Bayramınız mübarək, əziz Qazi qardaşlarımız! İnanırıq ki, gələn ilin bu günki günündə bütün türk dünyası öz qazilərini böyük bir bayram ab-havası ilə birlikdə təbrik edəcəkdir.
Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin idarə heyətinin sədri Firidun Məmmədov.