Asim Sabiroğlu- Bəlkə bütünlüklə daşa dönərəm........
Bəlkə heç olaram, boşa dönərəm
Bəlkə də sinəmdən daş çıxa bilər.
Bəlkə bütünlüklə daşa dönərəm,
Sıxsan daşdan belə yaş çıxa bilər,
İlahi, İlahi özün bilərsən.
İstəsən indicə ölə bilərəm,
Təkcə ruhla sənə gələ bilərəm,
Torpağın üstündə qala bilərəm,
Torpağın altına enə bilərəm,
İlahi, İlahi özün bilərsən.
İstəsən bir ovuc qum eyliyərsən,
Ya da ac quşlara yem eyliyərsən.
Dərdimi, qəmimi kəm eyliyərsən,
İstəsən büsbütün qəm eyliyərsən,
Sən nə bilərsənsə düzgün bilərsən.
İlahi, İlahi özün bilərsən.
___________________________________
Hansı dərd versə İlahi, ona dərmanı verib,
Dərdü-sevdaya görə sevgili-cananı verib.
Məni səndən ötəri xəstə yaratmış Tanrım,
Sənə də, zülm eləməkçün belə fərmanı verib.
Məni o gözlər üçün aşiqi-bimar eliyib,
Sənə gözlər dolusu sehri və mənanı verib.
Sənə məskən yaradıb qəlbimi, sinəmdə uyu,
Mənə divanə olub gəzməyə dünyanı verib.
Ay üzü nur gözəlim, gözləri məna yuvası,
Kim deyər, Tanrı sənə hansısa nöqsanı verib?
Kimini şah yaradır, dövləti ümman qədəri,
Mənə eşq adlı, böyük dəryanı, ümmanı verib.
Sevin Asim, səni ümmanlara atmışsa bu eşq,
Binəva Məcnuna bax qupquru səhranı verib.
21.10.2012