Ürvət Əfqanoğlu.
Ürvət Əfqanoğlu dövrü mətbuatda mütamadi çap olunmaqdadır .
Qəzetlərdə ,antologiyalarda,almanaxlarda,jurnallarda şeirləri çap olunur.
Avqust ayının əvvəllərində ikinci kitabı oxucularının görüşünə gələcək.
Olmadı
Mən arxasız yaşadım,
Mənim dağım olmadı.
Kədər döydü içimi ,
Bir xoş çağım olmadı.
Bəxtim bəxti itirdi,
Gül -çiçəyi bitirdi...
Baxçam tikan bitirdi,
Barlı bağım olmadı.
Həyat sürdüm xülyada,
Sevinc gördüm röyada...
Nə bal daddım dünyada,
Nə də yağım olmadı.
Ömrüm uçdu töküldü,
Kərpic -kərpic söküldü...
Önümə sədd çəkildi,
Solum, sağım olmadı.
Eynəyimi itirmişəm.
Gözlərin yad gəldi mənə,
Eynəyimi itirmişəm.
O dünyaya hədiyyəm var,
Özümlə dərd götürmüşəm.
Ürəyimdə məzar qazdım,
Əhlədinə düşüb azdım...
Əzrayıla məktub yazdım,
İşlərimi bitirmişəm.
Ömrümün hər küncü bir qəm,
Yeri ,göyü əzəldən nəm...
Payızımda görünürəm,
Baharımı ötürmüşəm.
Əfqanoğlu gəlib sona,
İstəyirsən hər gün qına...
Həyatımın limanına,
Gəmiləri yetirmişəm.
Danışır.
Mənim yazılarım yazı xoşlamır,
Şeirim sənətim qışdan danışır.
Sağikən üstümdə mamır bağlamış,
Qaralıb göyərmiş daşdan danışır.
Düşüb çabaladım çamurda lildə,
Pəhləvanlar gördüm ağızda ,dildə...
Deyirəm ,yoruldum otuz üç ildə,
İllərdə yaş üstə yaşdan danışır.
Gərəkdir şair,yar yardan anlasın,
Çəmənzar güldən ,dağ qardan anlasın...
Dərdi yox adamlar hardan anlasın,
Əfqanoğlu dərdli başdan danışır.
Çoxaldı
Mən günah görmürəm qoca dünyada,
A dostlar ,dünyanın yaşı çoxaldı.
Qurbanı olduğum uca Tanrının,
Yerə yağdırmağa daşı çoxaldı.
Şüurlar azaldı,insan dəyişdi,
Gəmilər gəlmədi,liman dəyişdi...
Dövran yırğalandı,zaman dəyişdi,
Səraflar azaldı ,naşı çoxaldı.
Əfqanoğlu qaçar namus atandan,
Filin qulağında yeyib yatandan...
Atalar papağı pula satandan,
Analar gözünün yaşı çoxaldı.
Dünyasan .
Dünya ,axı sənə necə inanım,
Adamı adamdan seçən dünyasan.
Kiminə arxasan,kiminə qənim,
Kiminin qanını içən dünyasan.
Nə qiymət verirsən torpağa ,daşa?
Baxmırsan yanağdan süzülən yaşa...
Namərdləri çəkib yuxarı başa ,
Mərdlərin üstündən keçən dünyasan.
İstəsən hər cürə girirsən dona,
Aldadıb salırsan şeytan yoluna...
Əzəldən biçarə Əfqanoğluna,
Qəm -kədər libasın biçən dünyasan.