VƏTƏN KEŞİYİNDƏ MÜZƏFFƏR ORDU
"Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir"
O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən Vətən naminə ölümə hazırdır. Ən böyük hakim olan zaman da bu deyimin nə qədər həqiqət olduğunu tarixin qanla yazılmış səhifələrində dəfələrlə sınaqdan çıxarıb. Bu mənada təsadüfi deyil ki, hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusu, əsgərinin vətənpərvərlik ruhudur. Əgər bu ruh yoxdursa, qüdrətdən, Vətənin etibarlı müdafiəsindən danışmağa dəyməz. Qəlbində vətənpərvərlik ruhu hakim olan əsgərin, döyüşçünün qarşısında isə ən müasir silahlara sarılmış düşmən belə tab gətirə bilməz.
Bu ruhu daşıyanlar üçün Vətən sadəcə sözdən ibarət deyil! Vətən adı gələndə belələrini hər zaman qəribə bir hiss bürüyür, qəlblərinin dərinliklərində bir daha Vətənlə yaşadıqlarını, Vətənlə nəfəs aldıqlarını, Vətənlə var olduqlarını yenidən duyurlar!
Hər şey VƏTƏN üçün!
Nə fərəhli haldır ki, müasir Azərbaycan Ordusunun sıralarında indi minlərlə belə gənc xidmət edir.
Vətən qarşısında şərəflə, həvəslə, sevinclə xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə tərəddüd etmədən doğma Azərbaycan uğrunda ölümə atılmağa hazırdırlar.
Biz bunu dünyaya cəmi 44 günə sübut etdik. 44 günlük Vətən müharibəsi Azərbaycanın ən yeni tarixinin ən şanlı səhifəsi olaraq qəbul tarixə yazıldı. Bu Zəfər Tarixini yazan isə Ali Baş Komandan cənab İlham Əliyev və onun tabeliyində olan şanlı Azərbaycan Ordusu idi.
Cəmi 44 günə Azərbaycan əsgəri onları sevən, onları qürur yeri görən hər kəsə qəhrəmanlıq nümunəsi göstərdilər.
Onların nümayiş etdirdikləri vətənpərlik nümunələri damarlarında azərbaycanlı qanı axan hər bir şəxsin qürurunu necə oxşadısa, düşmənin bağrına da bir o qədər dəhşətli vahimə saldı. Yağı bir daha gördü ki, belə oğulları olan Azərbaycan onu istənilən an məhv etməyə qadirdir, elə 44 günə bir dövləti necə məhv etməyi də sübut etdilər.
Azərbaycan əsgərlərinin qəhrəmanlığı həm də onu təsdiq etdi ki, Vətən, torpaq, şücaət kimi tarixən xalqımıza məxsus olan anlayışlar bir sıra digər ölkələrdə olduğu kimi yaddaşlara gömülməyib. Əksinə, Azərbaycan var olduqca, onun qəhrəman oğulları da var olacaq. Elə buna görədir ki, indi Azərbaycan Ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Azərbaycan gənci orduda qulluq etməsini özünə şərəf sayır. Vətən borcunu ödəməyi ən böyük amalı olaraq qəbul edir. Doğma torpağı uğrunda ölümün gözünə dik baxmağa, sevə-sevə şəhidlik zirvəsinə ucalmağa hazırdır.
Bəli, eşq olsun Azərbaycan əsgərinə. O əsgərə ki, qorxmadan, yorulmadan, qətiyyətlə, əzmlə torpaqlarının müdafiəsi uğruna savaşdı, can verdi. Son nəfəsində də ancaq Vətəninin azadlığını arzuladı. Bir çoxları üçün mümkünsüz olanı reallaşdırdı. Keçilməz deyilən sədləri keçdi, alınmaz deyilən qalaları aldı.
Sonda isə bizə qələbə sevinci yaşadan, Zəfər şəhidlərimizə rəhmət diləyir, qazilərimizə sağlamlıqlarına qovuşmalarını arzulayırıq!
Yaşasın Ali Baş Komandanımız!
Yaşasın Şanlı Azərbaycan ordusu!
Rəhimə Əliyeva
Şəmkir RİH Başçısı Aparatında baş mütəxəssis