
Qadın isə dediyinin üstündə təkid edirdi: - “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”
Teatr və kino aktyoru Məlik Dadaşov (1924-1996) bir dəfə instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır:
- “Ay camaat, bu adam ermənidi” - deyib camaatı yığır başına.
Bu zaman bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. Qadın isə dediyinin üstündə təkid edirdi:
- “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”.
Axırda aktyor əsgərə deyir:
- “Bala mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə filmdə erməni obrazını yaratdığım üçün qadın məni səhv salıb”.
“Fəryad” filmindən sonra erməni diasporu Məlik Dadaşova “Ermənistanın xalq qəhrəmanı” adını vermişdi. Aktyor isə Azərbaycan efirinə çıxaraq bəyan etmişdi ki, o, bu titulu qəbul etmir. Bu hadisədən sonra Məlik Dadaşov özünü çox pis hiss edirdi. Bəlkə də peşmançılıq çəkirdi:
- “Axı mən demişdim bu rolu oynamamalıyam. Bununla bütün xalqın sevgisini itirə bilərəm”.
Fəryad filmində bir səhnə var - Xaçaturyan üzünü yuya-yuya erməni mahnısı oxuyur. Bu mahnını Məlik Dadaşov uşaqlıqda məhəllələrində yaşayan ermənilərdən eşitmişdi. Həmin mahnının filmə salınması da onun öz ideyası idi. Bu səhnə kinoteatrda göstəriləndə M.Dadaşovun qızı Gülnarə xanımın arxasında əyləşən qadın qeyri-ixtiyarı “zəhrimar canına, zəhər canına” - deyib hirslənir. Gülnarə arxaya çevrilib qadına, sonra atasına baxır. Atası isə ona əli ilə “əla” işarəsini göstərir.
Film başa çatandan sonra təəccüblə atasına deyir:
- “Ata, sən necə də alçaq bir insan obrazı yaratmısan”.
O, doğrudan da təəccüblənmişdi. Təəccüblənmişdi ki, gözəl atası birdən-birə necə əclaf insana çevrilə bilib, bu rolu necə yaradıb. Məlik Dadaşov isə qızına belə cavab verir:
-“Əgər zalda belə reaksiya göstərirlərsə, əgər mənim öz doğma qızım mənə belə söz deyirsə, deməli, bu rolun öhdəsindən gələ bilmişəm”.
Kamran Vəli
"Xəritələr" qrupu