Qarabağ zəfərimiz.
Qarabağ zəfərimiz.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başladı. 1988-1991-ci illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovuldu, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirildi, 1154 nəfər isə yaralandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edən Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal altına düşdü.
2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsində qalib gəldik. Bu 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusu itirilmiş ərazilərimizi yenidən geri qaytardı və biz 2021-ci ilə bu möhtəşəm qələbə ilə qədəm qoyduq. Təqribən 30 illik bir dövrdə işğal altında olan torpaqlarımızda ermənilər tərəfindən misli-bərabəri görülməmiş vəhşiliklər törədilmişdi. Onlar Azərbaycanın qədim memarlıq abidələrini, ictimai və yaşayış binalarını dağıtmışdılar. Ölkənin ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan dövləti vətənin hər qarış torpağının nə qədər dəyərli olduğunu butün dünyaya göstərdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğal olunmuş ərazilərə qayıdacağımızı dəfələrlə vurğulamışdı. Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla, əminliklə bildirirdi. Şəhidlərin qanı bahasına yağı tapdağından qurtulan, azad olan torpaqlarımızı yenidən dirçəltməyə başlamışıq.
Beləliklə, Vətən müharibəsi dövründə Azərbaycanın diplomatik manevrləri nəticəsində işğalçı ölkə olan Ermənistan region ölkələri tərəfindən heç bir dəstək ala bilmədi. İlham Əliyev cənablarının yürütdüyü müdrik siyasət nəticəsində düşmən siyasi, diplomatik və informasiya sahələrində də tamamilə məhv edildi. Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən ümummilli həmrəylik Azərbaycanı Böyük Qələbəyə qovuşdurdu. Bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından belə keçdi və zəfər bizim oldu. Uzun illərdən bəri həsrətində olduğumuz, xəyallarımızdakı bu əvəzsiz, möhtəşəm günləri bizə Ali Baş Komandanımızın sərkərdəliyi ilə şanlı Azərbaycan Ordusu, mətin əsgər və zabitlərimiz bəxş etdilər.
Qarabağ Azərbaycandır !
Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin tarix müəllimi Vəliyeva Lətafət Sabahəddin qızı.