Təhsil ili başa çatır.
Müsahibim Qobustan Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Kənan Rəhimlidir.
-Kənan müəllim artıq 2024-2025 ci tədris ili başa çatmaq üzrədir. Bu barədə Sizin fikrinizi bilmək istərdik.
- Ölkələrin və xalqların inkişafı elm və təhsilin uğurlarından biridir.O ölkənin xalqları irəli gedir gedir ki, orada elm və təshil inkişaf yolundadır. Biz də həmişə təhsillə bağlı üzərimizə düşən işləri vaxtında yerinə yetirməyə çalışırıq.Tabeliyində olduğumuz əlaqədar təşkilatların əmr və sərəncamları əsasında işimizi qururuq. Qrafikə uyğun olaraq məktəblərdə olmuşuq. Müəllimlərin dərslərində iştirak edərək, öz irad və təkliflərimizi bildirmişik. Ayrı-ayrı siniflər üzrə monitorinqlər aparılmış və müəllimlərin iştirakı ilə tərəfimizdən müzakirə edilmişdir. Həmişə nizam-intizama ciddi nəzarət etmişik. Şagirdlər arasında neqativ hallara rast gəlinməmişdir. Şagirdlərin dərslərə davamiyyəti də qənaətbəxş olmuşdur.
-Şagirdlərin buraxılış imtahanlarının nəticələri haqqında məlumat verməyinizi xahiş edirəm.
-IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlanmayıb. Amma XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrini müzakirə etmişik. Bu tədris ilində 325 nəfər XI sinif şagirdimiz buraxılış imtahanında iştirak edib. Onlardan 43 nəfəri 200-dən yuxarı bal toplayıb. A.Cernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdi Rəna Adıgözəlli 287 bal və Ərəbşalbaş kənd S. Zahidov tam orta məktəbinin şagirdi Sədi Zərbəliyev 284 balla liderlik etmişlər. Ərəbşalbaş kənd S.Zahidov adına tam orta məktəbinin XI sinfində oxuyan 19 nəfər şagirddən 8 nəfəri 200 dən yuxarı bal toplamışdır.Məktəb üzrə orta bal 160 olmuşdur. Müzakirə zamanı Ərəbşalbaş,Bəklə,şəhər 2 saylı,Təklə və Dərəkənd kənd tam orta məktəblərinin şagirdlərinin buraxılış imtahanına görə nəticələri yüksək qiymətləndirildi. Çuxanlı, Bədəlli, Cəmcəmli, Nabur, Xilmilli, Cəyirli və Poladlı kənd tam orta məktəblərinin şagirdlərinin orta balının 100- dən aşağı olunduğu qeyd olundu. Ümumilikdə hər üç fəndən 100 nəfər şagird müsbət qiymət almışdır. Orta bal Azərbaycan dili fənni üzrə 51, riyaziyyat fənni üzrə 29 və ingilis dili fənni üzrə 28 olmuşdur. Məktəblərimiz üzrə ümumilikdə orta bal 110 olmuşdur. Bu da keçən ilki nəticədən 5-6 bal çoxdur. - Kənan müəllim məktəbdənkənar keçirilən tədbirlərdə və müsabiqələrdə şagirdlər necə iştirak etmişlər? - -İstedadlı şagirdlərin aşkar edilməsi, onların elmı potensialının inkişaf etdirilməsi məqsədi ilə keçirilən “Kenquru Beynəlxalq riyaziyyat” müsabiqəsində bir neçə şagirdimiz fəal iştirak edib. Respublika fənn olimpiadıasında iştirak edən Cəyirli kənd
R. Hüseyinov adına ümumi orta məktəbin VIII sinif şagirdi Ağayeva Arzu Azərbaycan dili fənni üzrə birinci yerə çıxaraq qızıl medala, E.Vəliyev adına şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi Cavadova Səma coğrafiya fənnindən və Göydərə kənd ümumi orta məktəbin şagirdi Cavadlı Şəhrizad tarix fənnindən hər ikisi üçüncü yeri tutaraq, bürünc medallara layiq görülmüşdür.
Sonda onu da deyim ki, nəticələrinə görə 16 nəfər şagirdə fərqlənmə attestatının verilməsi gözlənilir. Hal-hazırda şagirdlərimiz ali məktəblərə qəbul olmaq üçün blok imtahanlarına hazırlaşırlar.
Onlara uğurlar arzulayıram
Məhəmməd Bayramov.
Qobustan rayonu
Oxunub: 411