Sumqayıt Şəhərinin Tarixi Muzeyi və Şəhər Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə “Xocalıya gedən yol” adlı dəyirmi masa keçirilib.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Şəhərinin Tarixi Muzeyi və Şəhər Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə “Xocalıya gedən yol” adlı dəyirmi masa keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, qanlı faciə qurbanlarının və torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin direktoru vəzifəsini icra edən Namiq Əliyev Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan bu dəhşətli faciənin etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu, Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd edib. Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs, şairə Xatirə Fərəcli, muzeyin şöbə müdiri Sevinc Əmirova “Xocalı qisası qiyamətə qalmadı” adlı mühazirəni faktlar və dəlillər, video görüntülərlə hazırlanmış eyni adlı videoslaydı dinyəyicilərə təqdim edib. Tədbirdə şəhid ailələridə iştirak ediblər. Sonda muzeyin fondlarında qorunub saxlanılan, sumqayıtlı rəssam Nizami Dadaşovun XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını, həmin gecə erməni qəsbkarları tərəfindən törədilən vəhşilikləri özündə əks etdirən rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.