![](/uploads/posts/2024-12/470695083_439038502598985_8766546051544576848_n.jpg)
Vətən müharibəsi şəhidi Baş leytenant Vüsal Kazımovun doğum gününə həsr olunmuş boks idman növü üzrə ənənəvi IV Lənkəran - Astara region turniri keçirildi.
13-17 dekabr tarixlərində Lənkəran Olimpiya İdman Kompleksində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin şəhidi Baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr olunan boks idman növü üzrə IV Lənkəran - Astara region turniri keçirilib.
Yarışın açılış mərasimində Dövlət Himni səsləndirilib və şəhidlərimizin əbədi yaşar xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Zəfər şəhidi baş leytenant Vüsal Kazımovun atası professor Kamran Kazımov və Azərbaycan Vətən müharibəsi veteranlar ictimai birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev şəhidlərimizin keçdiyi döyüş yolu və göstərdikləri qəhrəmanlıqların gənc nəsil üçün nümunə olduğunu, dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin adının əbədiləşdirilməsi, onların xatirəsinin əziz tutulması və şəhid ailələrinə olan diqqət və qayğısından danışıblar. 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atan, Torpağı Vətən edən şəhidlərimizin xatirəsini uca
tutmaq, onları daima yad etmək hər bir vətəndaşımızın borcu olduğu bildirərək, yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.
Baş hakim Nazim Qulamov yarışa start verib, Lənkəran, Astara və Masallı rayonlarından olan 56 idmançı mübarizə aparıb və müxtəlif çəki üzrə yer tutmuş idmançılar diplom, medal və hədiyyələrlə təltif ediliblər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kamran oğlu Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.
Vüsal Kazımov Vətən müharibəsinə yollananda yeni doğulan Aynurun indi 4 yaşı var, böyük qızı Nuray isə 10 yaşındadır.
Allah şəhidlərimizə rəhmət eləsin.
Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin məzunu olan Vüsal Kazımov şəhidlik zirvəsinə ucaldığı günədək Lənkəran şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışıb.
Oxunub: 139
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az