Nə xoşbəxt imişəm bir zaman, Allah



Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində fəhlə ailəsində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur,  III kursdan Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir.  Əli Kərimin ilk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində "Təzə müəllim" şeiridir. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülür.  İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada rusca çıxan "İki sevgili" kitabı olur.
 "Həmişə səfərdə" (1963), "Qızıl qanad" (1965), "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971) "Səfərdən sonra" (1972), "Pillələr" (1978), "Gül və çörək" (1978), "Seçilmiş əsərləri" (I cild, 1974, II cild 1975), "Qayıt" (1983), "Pillələr" (1987), Seçilmiş əsərləri" (2 cilddə, 1991), "Mavi nəğmənin sahilində" (1991), "Neyləyim, şeirlə dərd söyləyirəm" (1999) kitabları nəşr edilib. 
Feyzi Mustafayevin "Dinmə, ey kədər" (1986) kitabı şairin həyat və yaradıcılığından bəhs edir. 
Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat edib, Göyçayda dəfn edilib. 
Əli Kərim 20-ci əsr Azərbaycan poeziyasına fərqli estetika gətirmiş böyük simalardan biridir.
Nə xoşbəxt imişəm bir zaman, Allah
Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm,
nə xoşbəxt,
xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən.
Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?
İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?
Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər,
ruhumun səhəri imiş.
Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.
Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?
Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş, de nə?

Oxunub: 159
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az