Gənclər və İdman Nazirliyi noyabrın 12-də Bakıda üçüncü “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirib. “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin üçüncü ildönümünə həsr olunub.
Tədbirin əsas məqsədi Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirmək, şəhidlərimizi ehtiramla anmaq və qazilərimizə, onların ailələrinə əbədi minnətdarlığımızı ifadə etmək idi. Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
Startdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin qarşısından start götürüb, 10 km məsafəni qət edərək eyni məkanda finişə çatıblar. Amma qaydalara əsasən, iştirakçılardan bəziləri yarışı 5 km məsafədə quraşdırılmış finiş xəttində başa vurublar.
Qaçışın nəticələrinə əsasən, 10 km məsafəni ilk qət edən Aleksandr Yatsenko (32.08) olub. Toğrul Məmmədli (32.21) ikinci, Bəxtiyar Əsgərli isə (32.26) üçüncü olublar. Qadınlar arasında finişə Ulyana Bataşova (35.39) birinci çatıb. Yuliya Belkova (41.30) və Milana Xalilova (42.29) isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Fair play mükafatına qaçışın ən yaşlı iştirakçısı Tarverdi Əliyev (84 yaş) layiq görülüb.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Azərbaycan Atletika Federasiya İdarə Heyətinin üzvü, paralimpiyaçı Elşən Quliyev təqdim ediblər.
Tədbirin qaçış mərhələsi başa çatdıqdan sonra finiş zonasında maraqlı əyləncəli idman proqramı təşkil olunub.
Burada urban (şəhər) idmanı master-klasları, maraqlı tədbirlər, müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar iştirakçıların və sakinlərin böyük marağına səbəb olub. Bədii hissədə isə tanınmış müğənni və DJ-lərin iştirakı ilə konsert proqramı baş tutub.
Oxunub: 246