Əmək münasibətlərinin rəsmiləşdirilməsi və tənzimlənməsi üzrə gündəlik araşdırma materialları.



Əmək münasibətlərinin rəsmiləşdirilməsi və tənzimlənməsi üzrə gündəlik araşdırma materialları.
(Əmək Məcəlləsi 110-cu, 111-ci və 112-ci maddələr)
Sizlərin faydalanması üçün (təbii ki, kimlərə lazımdırsa) paylaşıram və ümid edirəm faydalı olacaq. Suallarınızı və çatışmazlıqları (olduğu halda) xahiş edirəm rəy hissəsində bildirəsiniz.
Sev, inan, gülümsə və davam et!
Maddə 110. İşçilərin məzuniyyət hüququ
1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Maddə haqqında çətin anlaşılan və aydınlaşdırıcı qeydlər:
Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyətin verilməsi təmin edilir.
Məzuniyyət hüquq münasibətlərini tənzim edən beynəlxalq qəbul etdiyimiz qanunvericilik normaları 132 nömrəli “Ödənişli məzuniyyətlər haqqında” (bu konvensiya 1970-də yenidən işlənib və Azərbaycan Respublikası bu Konvensiyaya  Azərbaycan Respublikası Milli Məclisin 1994-cü il 856 nömrəli qərarı ilə qoşulmuşdur) konvensiyada öz əksini tapır.
Əvəzçiliklə işləyənlərə əmək məzuniyyəti əsas iş yeri ilə eyni vaxtda verilə bilər. Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ var. İşçinin əvəzçilik üzrə məzuniyyəti əsas iş yerindən azdırsa bu zaman əvəzçilik üzrə işəgötürən işçiyə əsasdakı məzuniyyəti başa çatanadək çatmayan məzuniyyət günləri üçün işçinin ərizəsi əsasında işçiyə ödənişsiz məzuniyyət verə bilər.
İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə görə işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması  və işçinin intizam məsuliyyətinə  cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.
Maddə haqqında çətin anlaşılan və aydınlaşdırıcı qeydlər:
Əmək stajı: Hər bir şəxsin əmək müqaviləsi bağlayaraq işlədiyi dövr;
Ümumi əmək stajı: İşdəki fasilələrdən aslı olmayaraq işçinin əmək müqaviləsi ilə işlədiyi bütün əmək fəaliyyəti dövrüdür. Bu əmək stajı işçilərə əmək pensiyalarının növlərindən birinin təyin edilməsində, müvəqqəti əmək fəaliyyətinin itirilməsi ilə bağlı müavinətin ödənilməsində və s hallarda nəzərə alınır. 
Fasiləsiz əmək stajı: İşçinin bir müəssisədə əmək müqaviləsi ilə işlədiyi fasiləsiz əmək fəaliyyətinin müddətidir.
İxtisası üzrə staj: (Xüsusi staj): Digər əmək stajlarından fərqlənən staj növüdür (Məs: Pedaqoji staj, tibbi staj və s).      
İntizam məsuliyyəti hüququ məsuliyyətin növlərindən biridir işçinin intizam məsuliyyətinə cəlb edilməsinin əsası intizam xətasının törədilməsidir. Əmək hüququnda ümumi və xüsusi intizam məsuliyyəti növləri fərqləndirilir. Ümumi intizam məsuliyyətinə bütün işçilər, xüsusi intizam məsuliyyətinə isə yalnız müəyyən katiqoriyalı işçilər cəlb edilə bilərlər. Bunlara müvafiq olaraq işçilər ümumi intizam məsuliyyətinə cəlb edildikdə, onlara Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri, xüsusi intizam məsuliyyətinə cəlb edildikdə isə yalnız müəyyən kateqoriyalı işçilər üçün xüsusi normativ hüquqi aktlarda nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq olunur. Məsələn: XXXX müəssisənin işçilərinin əmək intizamı haqqında Nizamnaməsi var ki, orada qeyd edilir ki, işçiyə intizam xətasına yol verdiyinə görə Məcəllədəki və bu Nizamnamədəki müəyyən tədbirlər görülə bilər (məsələn xüsusi maşınları idarəetmək üçün verilmiş şəhadətnamədən 3 ay məhrum ola bilər və s).
Maddə 112. Məzuniyyətin növləri
 1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
b) sosial məzuniyyət; 
c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;
ç) ödənişsiz məzuniyyət.
2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.
Maddə haqqında çətin anlaşılan və aydınlaşdırıcı qeydlər:
Elm haqqında qanunun 1.0.26-cı maddəsinə əsasən elmi yaradıcılıq – bilavasitə elmi tədqiqat, elmi-texniki, elmi-təcrübi və elmi innovasiya prosesi başa düşülür.
Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. 
Həmçinin əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər bunun minimum həddi 145-ci maddədə göstərilib. Həmin maddəyə əsasən işəgötürən həmkarlar ittifaqları təşkilatı ilə birlikdə və ya öz mülahizəsilə vəsaiti hesabına məcəllədə nəzərdə tutulmuş müddətlərindən az olmamaq şərti ilə başqa növ məzuniyyətlərin verilməsini, məzuniyyət müddətlərinin artırılmasını, məzuniyyətə gedərkən işçilərə müvafiq miqdarda sosial-məişət müavinətinin ödənilməsini, məzuniyyətdən səmərəli istifadə etmək üçün məzuniyyət dövründə işçilərin ayrı-ayrı kateqoriyalarına və ya kollektivin bütün üzvlərinə əlavə maddi-məişət güzəştlərinin verilməsini və s kollektiv müqavilələrdə və yaxud əmək müqaviləsində nəzərdə tuta bilər.
-Material hazırlanarkən Alış Qasımov və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəsaitlərinə istinadlar olunmuşdur.

Əziz Əzimov.

Oxunub: 391
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az