Şamaxıda 27 sentyabr-Anım Gününün beşinci ildönümü qeyd olunub.
27 sentyabr - Anım Gününün beşinci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi rayon ictimaiyyətinin nümayəndələri tərəfindən yad edilib.
Tədbirin rəsmi hissəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhmət Mustafayev, rayon sakini şair Şəhriyar Del Gerani, şəhid valideynləri - Rza Nəbiyev, Qənirə Quliyeva, Sübhan Allahverdiyev və Vətən Müharibəsi qazisi Elvin Məmmədli çıxış edərək qəhramancasına həlak olan şəhidlərin xatirəsini yad edib, onların keçdiyi şərəfli yoldan söz açıblar. Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin, xalqın və ordunun birliyinin daim olacağını vurğulayıblar, Azərbaycan bayrağının suveren ölkəmizin ərazisində əbədi dalğalanacağını bildiriblər.
Ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə tər çiçəklər düzülüb və şəhid ailələrinə baş sağlığı verilib. Daha sonra Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü ilə Şamaxı Cümə Məscidində şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib.
Oxunub: 36