Bu fotoşəkli araşdırmaçı, tarixçi Dilqəm Əhməd paylaşmışdı. Mən də bunu qənimət bilib həmin fotonu sizlərlə bölüşmək qərarına gəldim. Çünki bu foto sıradan arxiv materialı deyil. Bu fotoda cümhuriyyət dövrünün tarixi, cümhuriyyət öncüllərinin ağrılı - acılı taleyi var...
...Düz 52 il sonra - 1972 - ci ildə Azərbaycan Cümhuriyyətini Parisdə tanıdan heyətin üzvlərindən biri Məhəmməd Məhərrəmov (solda) Bakı şəhərində yerləşən Ədəbiyyat Muzeyindədir. Yanındakı isə tarixçi, professor Abbas Zamanovdur...
Məlumatı olmayanlar üçün qeyd etmək istəyirəm ki, 1918 - ci ilin mayında qurulan və ölkəmizin müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda ürəyində azad Vətən arzusu gəzdirən onlarla ziya sahibini üçrəngli bayrağımızın altında birləşdirdi. Mir Yaqub Mehdiyev, Əkbər ağa Şeyxülislamov, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyov, Əhməd bəy Ağayev, Məhəmmədhəsən Hacınski və daha kimlər-kimlər bir ideyaya xidmət göstərməklə, Azərbaycanın hüquq və azadlığını bütün Qafqazda və dünyada tanıtmağı qarşılarına ən ali məqsəd kimi qoymuşdular. Bunun üçün də yuxarıda adını çəkdiyimiz dövlət xadimlərindən ibarət nümayəndə heyəti Parisə - Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini de-fakto tanıtmağa getmişdi...
1918-ci ilin dekabr ayında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Paris Sülh Konfransına göndərilməsi üçün formalaşdırdığı heyətin nümayəndələri arasında fotoşəkildə gördüyünüz şəxs - Məhəmməd Məhərrəmov da var idi...
O, 1918 - ci ildən taki ömrünün sonuna qədər Vətənindən ayrı yaşadı. Parisdə, doğma yurdundan uzaq keçən illərin ardından 1972 və 1975 - ci illərdə paytax Bakıda olmuşdu. Məhəmməd Məhərrəmov Bakıda olarkən şəhərin muzey və kitabxanalarına Azərbaycan mədəniyyətinə aid qiymətli materiallar bağışlamışdı. Elə bu foto da 1972 - ci ildəki səfər zamanı tarixin yaddaşına köçürülüb...
Oxunub: 100
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az